Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilati dəstəyi ilə Qazaxıstanın “Kazax TV” telekanalının əməkdaşları ölkəmizə səfər ediblər. Telekanalın əməkdaşları Beynəlxalq Muğam Mərkəzində də olublar.

MEMİM-dən bildirilib ki, Xarici İşlər Nazirliyində akkreditasiya olunmuş “Media-Soy Production” şirkəti “Kazax TV” telekanalı üçün “Folk Art” və “The school of nomads” adlı iki layihə çərçivəsində Azərbaycanın tarixi və mədəni irsini əks etdirən  verilişlər hazırlayır.

“Media-Soy Production”ın prodüseri Dana Nukeyeva və şirkətin çəkiliş qrupu Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Çəkiliş zamanı Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov sənət ocağı barədə məlumat verib. Bildirib ki, mərkəz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunub və 2008-ci il dekabrın 27-də açılışı keçirilib.

Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən olan Azərbaycan muğamı haqqında məlumatları isə Əməkdar incəsənət xadimi, UNESCO nəzdində Beynəlxalq Ənənəvi Musiqi Şurasının üzvü Sürəyya Ağayeva çatdırıb. O, Orta əsrlər Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri Səfiyyəddin Urməvi və Əbdülqadir Marağayi haqqında məlumat verib. Vurğulayıb ki, onların nəzəri musiqi əsərləri Azərbaycan-türk muğamının çiçəklənmə dövrünü işıqlandırır. Hər iki alim, eyni zamanda Yaxın Şərqdə ilk not sisteminin yaradıcıları hesab edilir.

“Kazax TV” telekanalının çəkiliş qrupu yaradılan şəraitə görə BMM-in rəhbərliyinə minnətdarlığını bildirib.