27-29 sentyabr tarixində gerçəkləşən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının iştirakçıları arasında diplomatlar da vardı. Ziyarətçi kimi qatılan da, müəllif kimi imza günü keçirən də...

***

“Kitab yarmarkaları oxu mədəniyyətinin təbliğ olunmasına xidmət edən bir vasitədir”.

Bu fikri 27-29 sentyabr tarixində gerçəkləşən VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasını ziyarəti zamanı Kubanın ölkəmizdəki səfiri Alfredo Fidel Nieves Portoundo deyib.

Diplomat bildirib ki, Kuba bu yarmarkada ilk dəfə iştirak edir: “Kubanın mədəniyyəti, tarixi, mətbəxi ilə bağlı təqdim etdiyimiz kitabların sayəsində stendimizə maraq var. Ölkəmiz ötən əsrdə bir çox dəyişikliklərlə üzləşdiyi üçün oxucular daha çox tariximizlə, dünyada məşhurluq qazanan inqilabçı Çe Gevarayla bağlı kitab əldə etmək istəyirlər. Kitablar arasında Jose Martinin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri də var”.

***

“Əhməd bəy Ağaoğlu haqqında kitab yazmaq mənim bir azərbaycanlı kimi vətəndaşlıq borcum idi. İstədim ki, alim, hüquqşünas, müxbir, millət fədaisi, türk birliyi və müstəqilliyin müdafiəçisi olan bu insan haqqında bildiklərimizi bizdən sonrakı nəsillərə ötürək. Çünki xalqımız belə insanları unutmamalı, onları daim öz qəlbində əbədi yaşatmalıdır”.

Bu sözləri isə sərgi-yarmarka çərçivəsində keçirilən imza günündə Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas, professor Vilayət Quliyev deyib.

Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışan professor onun vətənpərvər şəxsiyyət kimi erməni fitnəkarlığının qarşısının alınmasında xidmətlərini xüsusilə vurğulayıb.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının insanlar üçün əhəmiyyətindən danışan V.Quliyev deyib: “Mədəniyyət Nazirliyinin təşkil etdiyi kitab sərgi-yarmarkası çox gözəl təşəbbüsdür. İnsanların, xüsusilə gənclərin kitablara, yazılı ədəbiyyata marağının olması çox yaxşıdır. Bunu ənənələrimizə qayıdış kimi qiymətləndirirəm”.

“Atatürk və Əhməd Ağaoğlu” kitabının müəllifi imza günündə əsərə çoxsaylı oxucu marağından məmnunluğunu ifadə edib.