“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (İRCİCA) birgə təşkilatçılığı ilə keçirilən “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının təntənəli bağlanış mərasimi olub.

Qoruq idarəsindən bildirilib ki, “Nəsimi ili”nə həsr olunan və 30-dan çox İslam ölkəsindən nümayəndələrin iştirak etdiyi festivalda bədii sənətkarlıq və maddi mədəniyyət inciləri təbliğ olunub. Festival çərçivəsində “İnkişafda olan incəsənətin perspektivləri və İslam dünyasının sənətkarlığına dair” konqres, “Əl işləri sahəsində novatorlar üçün Bakı Beynəlxalq Mükafatı” adlı müsabiqə və “Sənətkarlar iş başında” adlı beynəlxalq sərgi keçirilib.

Mərasimdə İRCİCA-nın rəsmisi Nəzif Taleh Maaruf, “İçərişəhər” Muzey Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova çıxış edərək bu kimi beynəlxalq tədbirlərin tarixi və mədəni dəyərlərin qorunması və beynəlxalq arenada təbliğində əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, festival çərçivəsində təşkil olunan müsabiqədə müxtəlif sənət sahələri üzrə ümumilikdə 100 sənətkar iştirak edib.

Mərasimin sonunda qalib iştirakçılara sertifikatlar, müxtəlif hədiyyələr təqdim olunub.