Oktyabrın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

Səfir əvvəlcə qoruq ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlarla tanış olub. Qonağa Qobustan abidələri, burada aparılan arxeoloji tədqiqatlar haqqında məlumat verilib.

Bildirilib ki, Qobustan qayaüstü təsvirləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində 6 mindən çox qayaüstü təsvir, 20 mağara və  yaşayış yeri, 40 kurqan aşkar edilərək öyrənilib. Həmçinin diqqətə çatdırılıb ki, Qobustan qayaüstü rəsmləri 2007-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib.  Nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Qobustanı heyrətamiz mədəni irs bölgəsi adlandıran səfir, qədim incəsənəti görməkdən və buranı ziyarət etməkdən məmnunluğunu ifadə edib. Diplomat buradakı abidələri insanlığın qoyub getdiyi universal bir tarix kimi səciyyələndirərək dünyada belə bir məkanının məhz Azərbaycanda olmasını xüsusi qeyd edib.