Mütəfəkkir şairin qəzəlləri on beş dilə tərcümədə nəşr olunub

Məlum olduğu kimi, ölkəmizdə qeyd olunan “Nəsimi ili” ilə bərabər, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY da böyük Azərbaycan şairinin doğumunun 650-ci ildönümü şərəfinə 2019-cu ili “Nəsimini anma ili” elan edib.

TÜRKSOY şairin qəzəllərini 15 dilə tərcümədə Ankarada nəfis tərtibatla və yüksək poliqrafik səviyyədə nəşr etdirib. “İmadəddin Nəsimi dünya dillərində” adlı bu kitab əlamətdar yubileyə dəyərli töhfədir.

Kitabın tərtibçisi və redaktoru Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlıdır. Kitabda Nəsiminin şeirləri Azərbaycan, qazax, qırğız, özbək, türk, türkmən, alman, rus, fransız, ingilis, ispan, italyan, rumın, tacik və Ukrayna dillərində verilib. Şeirlərin tərcüməsinə həmin ölkələrdən təcrübəli mütəxəssislər cəlb olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin kitaba yazdığı ön sözdə vurğulanır ki, Nəsimi humanizmi insana böyük məhəbbət duyğuları ilə yoğurulub. Bu məhəbbət təkcə onun əsərlərinin məna və mahiyyətində, məzmununda deyil, forma xüsusiyyətlərində, ritmikasında, ahəngində də özünü göstərir.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov kitaba yazdığı təqdimatında təşkilat tərəfindən 2010-cu ildən etibarən hər ilin türk dünyasının tanınmış simalarından biri ilə bağlı olduğunu diqqətə çatdırır. O, bu sırada İmadəddin Nəsiminin xüsusi yeri olduğunu vurğulayaraq yazır: “Şərqin hər üç ədəbi dilində əsərlər yazan bu qüdrətli şair qələmə aldığı bənzərsiz qəzəlləri ilə daha çox tanınmaqdadır. Yaradıcılığındakı səmimiyyət, humanizm, həyatın gözəlliklərindən zövq almaq, şeirlərində ifadə etdiyi fəlsəfi düşüncəsi onu dünya ədəbiyyatının ən görkəmli, mütərəqqi adamları ilə yaxınlaşdırır və böyük mütəfəkkirin dünyagörüşünün universal miqyasını göstərir. Onun nəsihətləri və təlimləri sadəcə türk dünyası üçün deyil, bütün insanlıq üçün yol göstəricisidir”.

On beş dildə iyirmidən çox qəzəlin yer aldığı nəşrin məsləhətçisi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovdur. Kitabda Xalq rəssamı Arif Hüseynovun Nəsimiyə və onun əsərlərinə həsr etdiyi rəsmlərdən istifadə olunub.