Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Ankara Qazi Universitetində konfrans keçirildi. Ölkəmizin Türkiyədəki səfirliyi, Türkiyə Elmlər Akademiyası və Qazi Universitetinin təşəbbüsü ilə təşkil edilən mərasimdə Xalq Cümhuriyyətinin qurulmasından bu yana Azərbaycanın dövlətçilik tarixindən bəhs edildi.

Konfransda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin “Azərbaycan müstəqilliyə gedən yolda” mövzusunda məruzəsi dinlənildi. Professor Dilarə Seyidzadə “Yurdda sülh, cahanda sülh uğrunda” kitabından bəhs edərək bildirdi ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin bu nəşrdə yer alan nitqlərinin əksəriyyəti Türkiyə ilə bağlıdır. Ulu öndər “Yurdda sülh, cahanda sülh” ifadəsini tez-tez səsləndirməklə Türkiyə dövlətinin banisi böyük Mustafa Kamal Atatürkə tükənməz sayğısını ifadə edib.

Azərbaycanın çar Rusiyasının tərkibinə qatılması, Xalq Cümhuriyyətinin qurulması və süqutu prosesləri barədə müfəssəl məlumat verən məruzəçi Cümhuriyyət dövründə qəbul edilən demokratik qərarlar, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi məsələlərinə toxundu. Vurğuladı ki, ötən əsrin axırlarında dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizin qarşılaşdığı çətinliklər ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində aradan qalxıb, müstəqilliyimiz qorunub və hazırda dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafdadır.

Tədbirdə Türkiyə Elmlər Akademiyasının rəhbəri Müzəffər Şəkər, Qazi Universitetinin rektoru İbrahim Uslan, Türkiyə Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, qrupun keçmiş rəhbəri Necdət Ünüvar, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova və başqaları çıxış etdilər.

İştirakçılar Qazi Mustafa Kamal Atatürkün Azərbaycan haqqında dediyi “Sevincimiz də, kədərimiz də birdir” deyimindən, Türkiyə ilə Azərbaycan arasında böyük tarixə malik möhkəm könül bağının olmasından söz açdılar.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç çıxışında vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyə ictimaiyyətinin ən böyük arzularından biridir. Türkiyə bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqq işini müdafiə edəcək. Diplomatın çıxışını “Qarabağ Azərbaycandır!”, “Qarabağ Türkiyədir!” sözləri ilə bitirməsi hərarətli alqışlarla qarşılandı.

Salonda Azərbaycan-Türkiyə qardaşlığına, vətənimizin bölünməzliyinə, Qarabağa dair şüarlar səsləndirildi.

Professor Dilarə Seyidzadə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” elmi əsərini iştirakçılara hədiyyə etdi.

Sonda iştirakçılar universitetdə Xocalı soyqırımını əks etdirən rəsm sərgisi ilə tanış oldular.

Mehparə SULTANOVA
Ankara