İstanbulda TÜRKPA-ya üzv ölkələrin milli qanunvericiliklərinin uyğunlaşdırılması üzrə 4-cü seminar keçirilib.

Tədbirdə TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü İsmet Uçma, TBMM üzvü, keçmiş Mədəniyyət və Turizm naziri Nabi Avcı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov və Türkiyənin UNESCO üzrə Milli Komissiyasının prezidenti Öcal Oğuz açılış nitqləri ilə çıxış ediblər.

Günay Əfəndiyeva bu ilin oktyabr ayında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində təşkil edilən tədbirlərdən, eləcə də Azərbaycan Prezidentinin sərəncamına əsasən, Fondun yeni binasının təntənəli açılış mərasimindən bəhs edib, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, gələcək planları barədə məlumat verib.

Qeyd edib ki, Fond dünyanın ayrı-ayrı ölkələrində türk dünyasına məxsus ədəbiyyat, incəsənət və mədəniyyətin təbliği məqsədilə müxtəlif nəşrlərin çap olunması, tədbirlərin, sərgilərin, tamaşaların təşkil edilməsinə öz töhfəsini verib. Fondun digər prioritet fəaliyyət istiqamətlərindən biri məhv edilmiş və mənimsənilmiş mədəni irsin mühafizəsidir. Qurum Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində dağıdılmış və məhv edilmiş abidələrin tədqiqi və həqiqətlərin dünyaya tanıdılması məqsədilə layihələr həyata keçirməkdədir. Fondun prezidenti müxtəlif qurumlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq sazişlərinin imzalandığını da diqqətə çatdırıb.

Seminarda türk dünyasının qeyri-maddi mədəniyyət nümunələrinin qorunması, eləcə də turizmə dair Türkiyə və Azərbaycan parlamentlərinin nümayəndələrinin təqdim etdiyi model qanun layihələri müzakirə olunub.