Kolumbiyanın ölkəmizdə fəaliyyətə başlayan yeni səfiri Luis Antonio Dimate Azərbaycan Dövlət Tərcümə Mərkəzində (ADTM) olub.

Görüş zamanı iki ölkənin ədəbi əlaqələri üzrə ADTM ilə Kolumbiya səfirliyinin əməkdaşlığı, ərsəyə gətirilmiş layihələr – Azərbaycan və ispan şairlərinin əsərlərinin toplandığı “İyirmi şeir” kitabının Kolumbiyada nəşri, “Əvvəl dəniz vardı...” adlı Kolumbiya poeziyası toplusunun Azərbaycan dilinə tərcüməsi və nəşri, Nobel mükafatçısı Qabriel Qarsia Markesin yaradıcılığı ilə bağlı Kolumbiyanın keçmiş müvəqqəti işlər vəkili xanım Marta Galindonun təşəbbüsü ilə keçirilmiş ədəbi axşam və digər tədbirlərdən söz açılıb.

Ədəbiyyat və mədəniyyətlərarası əməkdaşlığa dair perspektiv layihələr, Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrində yayımı məsələləri müzakirə edilib.

Luis Antonio Dimate ADTM ilə uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bu səpkili layihələrin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.