Azərbaycan mədəni irsinin Özbəkistanda təbliği ilə bağlı növbəti layihə Xarəzm vilayətində həyata keçirilir. Burada Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), “Kaspi” qəzeti və təhsil şirkətinin, “Özbəkturizm” Dövlət Komitəsinin və vilayət hakimiyyətinin dəstəyi ilə təşkil edilib.

Vilayətin inzibati mərkəzində – Urgənc şəhərindəki Dövlət Dram Teatrında keçirilən açılış mərasimində Xarəzm hakimi Fərxad Ermanov çıxış edərək iki milyona yaxın əhalisi olan vilayətdə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin təşkilinin böyük bayram olduğunu bildirib. Vilayət rəhbəri dili, mədəniyyəti, adət-ənənələri, dini və ruhu bir olan Azərbaycanla münasibətlərin Özbəkistan üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.

AMM-in direktoru Samir Abbasov çıxışında deyib ki, hər il Özbəkistanın müxtəlif şəhərlərində belə tədbirlər keçirilir və zəngin mədəniyyətimiz, Azərbaycan xalqının yaratdığı mədəni irs nümunələri nümayiş etdirilir. O, xalqlarımız arasında oxşar və ortaq dəyərlər haqqında danışıb.

“Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva iki xalqın böyük söz ustadları  Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Əbdülhəmid Çolpan, Hüseyn Cavidin irsi timsalında ədəbi əlaqələr barədə danışıb, xalqlarımızı birləşdirən dəyərlərin çox olduğunu, ata-babalarımızdan bizə miras qalan Azərbaycan-Özbəkistan dostluğunu gələcək nəsillərə çatdırmaq və təbliğ etməyin vacibliyini qeyd edib.

Sonra AMM-in hazırladığı bədii proqram təqdim olunub. Azərbaycanın əməkdar artistləri Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva Azərbaycanın xalq mahnılarını, muğamlarımızı ifa ediblər. Xanəndələri tarda Əməkdar artist, 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayiət edib. Tarzənin solo ifaları da alqışlarla qarşılanıb.

***

Tədbir çərçivəsində Urgənc şəhərindəki Dövlət Dram Teatrında Azərbaycanın milli geyimlərinin də yer aldığı “Əbədi dostluğumuz” adlı sərgi açılıb.

Foyedə nümayiş edilən kitab sərgisində ölkəmizlə bağlı nəşrlər, o cümlədən “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən kitablar təqdim olunub. Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər də maraqla qarşılanıb.

Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən “Qarabağ şikəstəsi”nin sədası altında Qarabağa aid milli qadın və kişi geyimləri nümayiş olunub. Hər bir libas haqqında tamaşaçılara məlumat verilib. AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.