Türkiyənin TV8 kanalı Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbinin fəaliyyəti haqqında xüsusi reportaj hazırlayıb. Kanalın təşəbbüsü ilə verilişin hazırlanması üçün Türkiyədən gəlmiş çəkiliş qrupu tam orta məktəbin rəhbərliyi və müəllim-şagird heyəti ilə görüş keçirib. Görüşdə hazırlanan verilişin məqsədi barədə məlumat verilib.

Qeyd olunub ki, xoreoqrafiya sənəti üzrə təhsil müsəlman Şərqində ilk dəfə Azərbaycanda yarandığından, eyni zamanda bu sahədə əldə olunan nailiyyətlər bir çox ölkələrdə Bakı Xoreoqrafiya Akademiyasına, onun tərkib hissəsi olan tam orta məktəbə böyük maraq oyadır. Türkiyədə də klassik balet və milli rəqslərə olan maraq TV8 kanalının belə bir təşəbbüsünə zəmin olub.

Görüşdə tam orta məktəbin direktoru Bəşarət Hüseynova məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verərək, təhsil və sənətdə olan müvəffəqiyyətlərdən danışıb. Qeyd edib ki, 90 il ərzində şərəfli yol keçmiş xoreoqrafiya məktəbi, son 5 il ərzində akademiya statusu ilə böyük layihələrə imza atıb.

Veriliş hazırlanarkən çəkiliş qrupu tərəfindən Xalq artisti Yusif Qasımov, Əməkdar artist Səbinə Qasımova, Əməkdar artist Tamilla Məmmədova, qabaqcıl təhsil işçisi Aypara Məmmədova, Yekaterina Mustafayeva, Pərvin Nəcəfova və digər müəllimlərin dərsləri lentə alınıb.