“Kitab Evi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində İmadəddin Nəsiminin farsca yazdığı 40 qəzəli Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

Noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimatda “Kitab Evi” İB-nin rəhbəri Adilə Nəzərova nəşr haqqında məlumat verib.

Kitabın bədii redaktoru, tərcüməçi-qəzəlxan, tarix elmləri doktoru, professor Şahin Fazil qəzəllərin tərcüməsi barədə danışıb: “Nəsiminin özü və sözü insanları cəlb etsə də, biz hər zaman hərfi tərcüməyə meyil göstərmişik. Ancaq bu dəfə çalışdım onun qəzəllərinə bir bədiilik qatım, onu düşündüyüm kimi tərcümə edim”.

Yazıçı-publisist Səfər Alışarlı kitabın əhəmiyyətini və mətnşünaslar üçün əyani bir vəsait olduğunu diqqətə çatdırıb.