Noyabrın 11-də Ankarada, Azərbaycanın Türkiyədəki Səfirliyində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert və rəsm sərgiləri təşkil olunmuşdu.

Tədbirə rəsmilər, QHT və media təmsilçiləri, Ankarada yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz qatılmışdı. Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, bu qrupun sabiq rəhbəri Necdet Ünüvar və millət vəkili Mətin Gündoğan iştirakçılar arasında idi.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim 9 Noyabr – Dövlət Bayrağı Günü, üçrəngli bayrağımızın təsis olunmasının tarixi və müasir dövlətimizin əsas atributuna çevrilməsi ilə bağlı iştirakçılara məlumat verdi.

Tədbir çərçivəsində rəsm sərgilərinin açılışı oldu. Türkiyənin müxtəlif universitetlərində çalışan soydaşlarımız – rəssamlar Teymur Rzayev, Elçin Mustafayev, Məhəmməd Əliyev, İlham Ənvəroğlu, Mənsur Cəfərov, Məhər Bayramoğlu, Məhəmməd Yüzbaşıyev və Vahid Novruzovun yağlı boya ilə çəkdikləri əsərlər böyük maraqla qarşılandı.

Burada həmçinin Bakıdakı 6 saylı məktəb-liseyin 8-ci sinif şagirdi Leyli Heydərlinin əl işlərinin sərgisi təşkil edilmişdi.

“Leylinin rəngli dünyası” adlı sərgidə Azərbaycanın təbiət mənzərələri, dövlət atributlarımız, yeniyetmə rəssamın öz təxəyyülü ilə əksini tapmışdı.

Tədbirin sonunda rəssamlar səfirliyin diplomları ilə təltif olundular.

Mərasim bədii hissə ilə davam etdi.

Mehparə SULTANOVA
Ankara