Noyabrın 11-də Ankarada tarixdə iki dəfə qurulmuş Şərqi Türküstan uyğur cümhuriyyətlərinin anma günü keçirildi. Konfrans və panellərdən ibarət tədbiri Şərqi Türküstan Fondu (İstanbul), Uyğur Araşdırmaları İnstitutu (Ankara)  təşkil etmişdi. Mərasimə Türkiyə Böyük Millət Məclisinin üzvləri Mustafa Destici və İsmayıl Koncuk da qatılmışdı.

Professor Sema Barutcu Özönderin moderatoru olduğu tədbirdə “Şərqi Türküstan türklüyü və türk dünyası” (professor Mehmet Öz), “Uyğurların kökü ilə bağlı tarixi gerçəklər” (professor Saadettin Yağmur Gömeç) və digər mövzularda məruzələr dinlənildi.

Millət vəkili Mustafa Destici çıxışında uyğur türklərinin zaman-zaman bir çox məhrumiyyətlərə məruz qaldıqlarını vurğuladı, Türkiyənin və Türk Şurasının uyğur türklərinə diqqətinin artırılmasının vacibliyini qeyd etdi.

Dosent Erkin Ekrem uyğur türklərinin dövlət qurma cəhdləri, 1944-cü ildə Sovet İttifaqının bu işdə uyğurlara dəstək verməsi, sonra isə bu dəstəyi kəsməsindən danışdı.

Qeyd edək ki, Şərqi Türküstan İslam Respublikası 1933-cü ilin 12 noyabrında elan olunub. 1934-cü ilin 6 fevralında süquta uğradılıb. 10 il sonra – 1944-cü ilin 12 noyabr tarixində yenidən qurulub. 1949-cu ildə yenə süqut edib. Həmin il Çin Xalq Respublikası yaranıb, o vaxtdan Şərqi Türküstan ÇXR tərkibində muxtar əyalətdir.

Mehparə SULTANOVA
Ankara