Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) mədəniyyət könüllüləri sıralarının genişləndirilməsi üçün tədbirləri davam etdirir.

Noyabrın 15-də Bakı Xoreoqrafiya Akademiyasında mərkəz tərəfindən bu məqsədlə “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib.

Tədbirdə MEMİM-in direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə, sektor müdirləri Ceyhun Əhmədov, Aygün Balabəyova çıxış edərək könüllülük fəaliyyəti haqqında məlumat verib, gəncləri bu hərəkata qoşulmağa çağırıblar.

BXA-nın prorektoru, professor Sonaxanım İbrahimova qeyd edib ki, burada keçirilən mədəni-kütləvi tədbirlər, xüsusən tələbələr tərəfindən böyük maraqla qarşılanan çoxsaylı konsertlər, müsabiqələr, digər maarifləndirici tədbirlər akademiyanı zəngin ənənəyə malik mədəni mərkəzə çevirib.

Qeyd edək ki, indiyədək mədəniyyət könüllüləri sırasına Lənkəran, Gəncə Dövlət universitetləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Humanitar Kollecinin tələbələri qoşulub.