Ankara Universitetində Azərbaycanın və Türkiyənin ictimai fikir tarixində dərin iz qoymuş böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun anadan olmasının 150-ci ildönümünə həsr olunan konfrans təşkil edilib.

Ölkəmizin Türkiyədəki səfirliyi, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və digər qurumların iştirakı ilə gerçəkləşən tədbirdə rəsmilər, hüquqşünaslar, diplomatlar, QHT və media təmsilçiləri iştirak ediblər.

Konfransın açılışında məlumat verilib ki, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınan Əhməd bəy Ağaoğlu şəxsiyyətinə Azərbaycanda və Türkiyədə yüksək ehtiram göstərilir. Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalaması böyük şəxsiyyətin xatirəsinə diqqətin təzahürüdür.

Rəsmi hissədə ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahim, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ankara Universitetinin dekanı Məhərrəm Özən, Türkiyə Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit, Türkiyə Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Türkiyə Cümhuriyyətinin qurulmasında yeri və rolu olan Əhməd bəy Ağaoğlunun ideyaları və təşəbbüs göstərdiyi məsələlər dövlətçilik tarixlərimizdə silinməz izlər buraxıb.

“Anadolu” agentliyinin Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti haqqında hazırladığı filmin nümayişindən sonra konfransın panel hissəsi başlanıb. Paneldə professorlar – Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Əli Birinci, Ankara Universitetinin dosenti Cavid Abdullahzadə çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Əhməd bəy Ağaoğlu həm Cümhuriyyət dövründə Azərbaycanda, həm də Türkiyədə geniş ictimai və elmi fəaliyyəti ilə xalqlarımızın milli varlığının formalaşmasına və qorunmasına böyük töhfə verib. O, ömrünün əsas hissəsini türk xalqlarının milli azadlıq hərəkatına və mədəni yüksəlişinə həsr edərək yazdığı dəyərli əsərləri ilə bu gün də aktual olan məsələlərin çözülməsinə töhfələr verib. Əhməd bəy Ağaoğlu alim, hüquqşünas və millət fədaisi olaraq həmişə təşəbbüskarlığı və fəallığı ilə seçilib.

Qeyd edək ki, Əhməd bəy Ağaoğlu 1925-ci ildə Ankara Universitetinin Hüquq fakültəsində ilk dəfə konstitusiya hüququ üzrə mühazirə oxuyub. Konfransdan sonra həmin fakültədə Əhməd bəy Ağaoğlunun adı verilən oxu zalının açılışı olub.

Mehparə SULTANOVA
Ankara