Dekabrın 1-dən yanvarın 13-dək Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək.

“Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə artıq 7-ci ildir keçirilən yarmarka paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ab-havası və xoş əhval-ruhiyyə bəxş edir. Buradan hər kəs yaxınları və əzizləri üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar əldə edə, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokolad və ya çay içə, təamları və şirniyyatları dada bilər.

Yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönəldiləcək. “Nargis” Fondu yarmarkanın sponsorları ilə birgə əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Bundan əlavə, yarmarkanı uşaq evlərinin sakinləri də ziyarət edəcəklər.

Xeyriyyə yarmarkası hər gün səhər saat 11.00-dan 23.00-dək fəaliyyət göstərəcək.