MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində keçirilən “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar noyabrın 28-də işini yekunlaşdırıb.

Layihə mədəniyyət müəssisələrinin fiziki və əqli cəhətdən qüsurlu insanlar daxil olmaqla bütün ziyarətçilər üçün əlverişliliyinin təmin edilməsinə yönəlib. Dörd gün davam edən seminarda MDB ölkələrinin aparıcı muzeyləri, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri, QHT və xeyriyyə fondları, əlil icmaları və s. təşkilatların 40-dan artıq nümayəndəsi iştirak edib. 

Seminarın son günü “Hamı kimi yaşamaq” mövzusunda təqdimat incəsənət və ədəbiyyatda əlilliyin müzakirəsi, sağlamlıq imkanları məhdud şəxslərin sosial uyğunlaşması və peşəkar inkişafı sahəsində mədəniyyət obyektlərinin rolu, maksimal uyğunluq üçün ən qabaqcıl texnologiyaların tətbiqinin müzakirəsinə yönəlmişdi.

Birinci panel iclasda “Autizm friendly” layihəsinin koordinatoru Lada Yefimovanın “Muzey məkanının akustik spektr pozuntuları olan ziyarətçilər üçün uyğunlaşdırılması” mövzusunda məruzəsi dinlənildi. Daha sonra “Toxunuşlu dünya” layihəsinin baş direktoru Anatoli Movşoviç layihənin inklüziv cəmiyyətdə rolu ilə bağlı çıxış etdi. 

Davam edən panel iclaslarda Azərbaycan Milli İncəsənət Muzeyinin İnnovasiyalar şöbəsinin rəhbəri Səbinə Ağamirova “Əgər məndə sehrli çubuq olsa idi...” layihəsi haqqında məlumatı diqqətə çatdırdı. Həmçinin “Qaraj” müasir incəsənət mərkəzinin “Jest dili”, Moldova nümayəndələrinin “Müdafiə və dəstək” mövzusunda çıxışları iştirakçılar tərəfindən maraqla qarşılandı.

Seminarın sonuncu iş günü “Hamı kimi yaşamaq” mövzusunda dəyirmi masa ilə yekunlaşdı. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, UAFA, Britaniya Şurası və UNDP-nin birgə təşkilatçılığı ilə reallaşdı.

Seminar iştirakçıları həmçinin İçərişəhər qoruğunu gəzərək inklüziv layihələrlə tanış oldular.

Qeyd edək ki, “Sərhədsiz incəsənət” beynəlxalq layihəsinin ideyası muzey məkanı və onun informasiya resurslarını sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə dünyanın aparıcı muzeylərinin təcrübəsinin öyrənilməsi zamanı ərsəyə gəlib. Azərbaycan Milli İncəsənət Muzeyi BMT-nin bu mövzuda müvafiq tövsiyələrini rəhbər tutaraq sərhədsiz mədəniyyət məkanının yaradılması sahəsində MDB ölkələri ilə fəal əməkdaşlıq platforması yaradır.

Lalə AZƏRİ