İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mənzil-qərargahının yerləşdiyi Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində qurumun yaradılmasının 50 illiyi münasibətilə tədbir keçirilib.

Yubileyin açılış mərasimində İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useymin, quruma üzv ölkələrin Xarici İşlər nazirləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin sektor müdiri Mənzər Nurəliyeva, Ciddədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Yusif bin Əhməd əl-Useymin İslam ümmətinin birliyi və rifahı naminə görülən işlərdən söz açıb. Qeyd edib ki, İƏT tərəfindən bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Tədbirdə Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Əmir Feysəl Əl-Səud, İƏT-in coğrafi qrupları adından Tunis (Ərəb qrupu), Qabon (Afrika qrupu) və Türkiyə (Asiya qrupu) Xarici İşlər nazirləri çıxış ediblər.

Mərasim çərçivəsində İƏT-in məqsədlərinin həyata keçirilməsinə töhfə verdiklərinə görə bir sıra şəxslər təltif olunub.

Daha sonra Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Seneqal və Azərbaycanın rəqs qrupları çıxış ediblər.

Qeyd edək ki, Ciddənin müxtəlif guşələrində üç gün davam edən “Qızıl yubiley” şənlikləri çərçivəsində çıxış edən muğam üçlüyü və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında ölkəmizin milli folklor nümunələri şəhərin sakinlərində və qonaqlarında maraq doğurub.