Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə elan edilmiş “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər davam edir. “Nəsimi ili”nə töhfə olan daha bir incəsənət layihəsi dekabrın 27-də təqdim olunacaq.

Həmin gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin “Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulub.

Əsərin xoreoqrafik quruluşu Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiyanın Xalq artisti Edvald Smirnova həvalə olunub. Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak edəcəklər.

Məşqləri davam edən “Nasimi passion” vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.