Xəbər verdiyimiz kimi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən ölkəmizin mədəniyyət siyasətinin daha aktiv, mobil və əlverişli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə səyyar təlim briqadaları təşkil olunub. Təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə birlikdə kreativ yanaşmalar tətbiq olunub.

Dekabrın 4-də Tovuz rayon Heydər Əliyev Mərkəzində MEMİM, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə səyyar briqadalar tərəfindən növbəti qısamüddətli təlim keçirilib. Treninqə regionun mədəniyyət evlərində çalışan əməkdaşlar cəlb  olunub.

“Mədəniyyət evlərinin sosial statusu: problemlər və müasir tendensiyalar”, “Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər”, “Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları”, “Klub işinin təşkili”, “Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları”  və s. mövzularda təqdimatlar olub.

Çıxış edənlər mədəniyyət müəssisələrinin fəaliyyətində yeni forma və metodların istifadəsindən, ödənişli xidmətlərdən, kreativ və mədəniyyət sənayesi, marketinq və menecmentdən, onlayn təbliğat və PR-dan danışıblar. Mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, indiyədək Lənkəran, Şamaxı, Bakı, Gəncə, Gədəbəy və Göyçayda müxtəlif təlimlər keçirilib.