Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun elmi şurasının iclası keçirilib.

İclasda Türkiyənin Konya vilayətinin Necmettin Erbakan universitetinin Sosial və bəşəri elmlər fakültəsinin professoru Ahmet Taşğının “Türküstandan Balkanlara Xorasan döyüş meydanı olaraq Azərbaycan: Xorasan irfanı və təmsilçilərinin seyrü-səfəri” mövzusunda məruzəsi dinlənilib.

Alim türk xalqlarında irfan məsələsinə toxunub, irfan elminin özəlliklə Azərbaycanda dərin kökləri olduğunu bildirərək, ölkəmizi qədim mənəvi dəyərlər yurdu kimi qiymətləndirib. Məruzə maraqla qarşılanıb.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov gələcəkdə belə tədbirlərin qarşılıqlı şəkildə davam etdirilməsinin gərəkliliyini bildirib, qonağa xatirə hədiyyəsi təqdim edib.

Professor Ahmet Taşğın 1965-ci ildə Konyada doğulub. Konya Selcuk Universitetinin İlahiyyat fakültəsini bitirib. Ələvilik, yezidilik, süryanilik mövzularında bir çox araşdırmaların müəllifidir. Bu mövzularda Suriya, İraq və İranda tədqiqatlar aparıb. Hazırda alim Konya Universitetində çalışır.