Azərbaycanda Ukrayna mədəniyyətinə çox böyük hörmət var, Ukrayna dili tədris edilir. Bakı Slavyan Universitetində Ukrayna Mərkəzi vardır. Eyni zamanda, Ukraynanın ali məktəblərində Azərbaycan tarixinə, ədəbiyyatına kifayət qədər böyük yer ayrılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri dekabrın 17-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra mətbuata bəyanatında bildirib.

Prezident Vladimir Zelenski dekabrın 16-da axşam Bakıya rəsmi səfərə gəlib. Dekabrın 17-də Azərbaycan və Ukrayna dövlət başçılarının təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşləri keçirilib. Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev iki ölkənin siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayaraq ticarət dövriyyəsinin artırılması istiqamətində müzakirələr aparıldığını deyib. Bildirib ki, birgə sərmayə qoyuluşu layihələri də böyük maraq doğurur. Hər iki tərəfin sərmayə qoyuluşu ilə bağlı konkret təklifləri var. Digər önəmli məsələ turizmin inkişafıdır: “Həm Azərbaycanın, həm Ukraynanın çox böyük və zəngin turizm imkanları vardır. Bu sahədə də birgə əməkdaşlıq, təcrübə mübadiləsi, birgə layihələr müzakirə edildi, geniş fikir mübadiləsi aparıldı və konkret tapşırıqlar verildi”.

Qeyd olunub ki, həm Ukraynada, həm Azərbaycanda nəqliyyat sahəsində müasir logistika və infrastruktur mövcuddur. Bu sahədə layihələr ölkələrimizi və geniş mənada regional əməkdaşlığı daha da möhkəmləndirəcək.

Dövlət başçısı danışıqlarda humanitar sahədə əməkdaşlığa da yer ayrıldığını vurğulayaraq bu sahədə əlaqələrin də ümumi əməkdaşlığa müsbət təsir göstərdiyini deyib.

Prezident Vladimir Zelenski iki ölkənin münasibətlərinin zamanın sınağından keçdiyini qeyd edərək bildirib ki, Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olub və bu gün də bu, belədir. O, iqtisadi sahədə əlaqələrin əhəmiyyətindən bəhs edərək deyib ki, 2018-ci ildən Ukraynada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması, bu səfər zamanı isə Azərbaycanda Ukrayna Ticarət Evinin açılması bu əlaqələrə təkan verəcək.

Ukrayna dövlət başçısı da iki ölkənin nəqliyyat potensialından qarşılıqlı səmərəli istifadə etməyin vacibliyini vurğulayıb. O, ölkələrimizin həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış etdiyini deyərək Azərbaycana 2020-ci ildə GUAM-a uğurlu sədrlik arzu edib. “Bu səfər yeni başlayıb, amma artıq məndə belə bir əminlik var ki, bu, bizim əməkdaşlığımızın yeni səviyyəsinin göstəricisi olacaqdır. Əminəm ki, bu, bizim gələcək potensialımızın inkişafına xidmət edəcəkdir”, – deyə Vladimir Zelenski fikrini tamamlayıb.

Dekabrın 17-də prezidentlərin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub. Gəncə şəhəri və Odessa şəhəri arasında niyyət protokolu, Quba şəhəri ilə Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilə, həmçinin iki ölkənin müvafiq qurumları arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq, Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında sazişlər imzalanıb.

Həmçinin dövlət başçıları dekabrın 17-də Bakıda Azərbaycan-Ukrayna biznes forumunda iştirak ediblər.

***

Dekabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Ukraynanın birinci xanımı Yelena Zelenskaya arasında da görüş keçirilib. Ukraynanın birinci xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olub.