Kiotoda Dünya Turizm və Mədəniyyət Konfransı keçirilib

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) və Yaponiya Hökumətinin birgə təşkilatçılığı ilə 12-13 dekabr tarixində Yaponiyanın Kioto şəhərində “Gələcək nəsillərə yatırım” mövzusunda  4-cü Dünya Turizm və Mədəniyyət Konfransı keçirilib.

Tədbirin məqsədi turizm və mədəniyyət sektorları arasında əməkdaşlığın inkişaf etdirilməsi və ortaq mədəni irsin qorunması üçün dövlət-özəl sektor tərəfdaşlığının artırılması yollarının müzakirəsidir. Konfransda Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edib.

Konfransın açılış mərasimində UNESCO baş direktorunun müavini Xinq Qu, UNWTO-nun icraçı direktoru Manuel Butler və başqa çıxışçılar müasir dövrdə mədəni irsin rolu, turizm məqsədilə səyahət edən insanların mədəniyyət məkanlarını ziyarət etməsi və mədəniyyət məhsullarından istifadə ilə bağlı birgə proqramların həyata keçirilməsindən bəhs ediblər.

Konfrans çərçivəsində keçirilən sessiyalarda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi ilə bağlı məsələlər, eləcə də yaradıcı sənayelərin rolu və inkişaf etdirilməsi, səyahət edən insanlar üçün ölkələrin yaradıcı sənaye və mədəni irs məhsullarının zənginləşdirilməsi mövzuları müzakirə edilib. Qeyd olunub ki, mədəni turizm bu prosesdə əsas rol oynayır.

Səfər çərçivəsində Vasif Eyvazzadə UNESCO baş direktorunun müavini Xinq Qu, təşkilatın sabiq baş direktoru Koişiro Matsuura və bir sıra ölkələrin nümayəndələri ilə Azərbaycanda mədəniyyət və mədəni irs, yaradıcı sənaye sahələrində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıb.

UNESCO baş direktorunun müavini ilə həmçinin “Bakı Prosesi”, Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu müzakirə edilib. 2018-ci ildə Bakıda keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini deyən Xinq Qu paytaxtımızdan xoş təəssüratla ayrıldığını bildirib.