“Naxçıvan – İslam mədəniyyətinin paytaxtı” ili çərçivəsində mədəni irsin təbliği ilə bağlı layihələrə görə ölkəmizə mükafat təqdim olunub

Dekabrın 17-də Tunis Respublikasının paytaxtı Tunisdə İSESCO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 11-ci Konfransı keçirilib. Konfrans “Tunis-İslam mədəniyyətinin paytaxtı – 2019” ili çərçivəsində təşkil olunub.

Konfransa Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti qatılıb. Nümayəndə heyətinə nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova və İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının koordinatoru Ələkbər Xıdırov daxildir.

“İslam dünyasında mövcud mədəniyyət siyasətlərinin inkişafı uğrunda” devizi altında gerçəkləşən tədbirin gündəliyinə əvvəlki konfranslarda qəbul edilmiş qərarların icra vəziyyətinin müzakirəsi, İslam Dünyası İrs Komitəsinin hesabatının təqdimatı, rəqəmsal mədəniyyət haqqında sənəd layihəsinə, mədəniyyət layihələrinin maliyyələşdirilməsi mənbələri haqqında təkliflərə baxılması və s. məsələlər daxildir.

Konfransın açılışında Tunisin Mədəniyyət İşləri üzrə naziri Məhəmməd Zeyn əl-Abidin İSESCO ilə ölkəsinin əlaqələrindən, “Tunis-İslam mədəniyyətinin paytaxtı” ili ərzində görülmüş işlərdən danışıb.

İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışında təşkilatın həyata keçirdiyi proqramlardan bəhs edib. Baş direktor konfrans iştirakçılarını üzv ölkələrin tarixi abidələrini İslam irsi siyahısına daxil etmək üçün qeydiyyat məsələlərini tezləşdirməyə çağırıb. Qeyd edib ki, dünyada dağılmaq təhlükəsi ilə üzləşən tarixi və mədəniyyət məkanlarının təqribən 70 faizi İslam ölkələrinin ərazisində yerləşir.

Mərasimdə İSESCO-nun ənənəvi sənətkarlıq və əl işləri, ən yaxşı media işi, İslam mədəniyyəti paytaxtları üzrə ən yaxşı mədəniyyət layihəsi mükafatları təqdim edilib. Azərbaycan Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevə “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı – 2018” ili çərçivəsində mədəniyyətin təbliği və mədəni layihələrdə yaradıcılıq və innovasiyanın təşviqinə görə “Ən yaxşı mədəni layihə üzrə İSESCO Mükafatı” təqdim olunub.

Tədbirdə çıxış edən Vaqif Əliyev təşkilatçılara öz təşəkkürünü bildirib və konfransın mövzusuna uyğun olaraq İslam dünyasında mədəniyyət siyasətinin inkişafı üçün Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat verib.

Konfrans çərçivəsində “Tunis-İslam mədəniyyətinin paytaxtı–2019” ilinin bağlanış tədbiri keçirilib.

Sonra ərəb dünyasından Qahirə (Misir), Asiya qrupundan Buxara (Özbəkistan) və Afrika qrupundan Bisau (Qvineya Bisau) şəhərləri 2020-ci il üçün İslam mədəniyyətinin paytaxtları elan edilib.