Dekabrın 18-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri işləmiş Behbud xan Cavanşirin xatirəsinə ucaldılan abidənin açılışı olub.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan xatirə abidəsi şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda – Behbud xan Cavanşirin erməni terrorçu tərəfindən qətlə yetirildiyi “Pera Palas” hotelinin qarşısında yerləşdirilib.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev tədbirdə çıxış edərək bu işdə göstərilən köməyə görə Türkiyə Xarici İşlər Nazirliyinə, İstanbul Valiliyinə, Beyoğlu Bələdiyyəsinə və “SOCAR Turkey Enerji A.Ş.”yə təşəkkürünü bildirib.

Diqqətə çatdırılıb ki,  Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncamına uyğun olaraq Cümhuriyyət qurucularının xatirəsinin ədəbiləşdirilməsi istiqamətində işlər aparılır. Onların İstanbulda yerləşən məzarları təmir olunub və 2018-ci ildə məzarların yerləşdiyi qəbiristanlıqda xatirə abidəsi qoyulub. Vurğulanıb ki, Behbud xan Cavanşirin xatirə abidəsinin yerləşdiyi ərazidən gün ərzində on minlərlə insan keçir. Onlar hər dəfə buradan keçərkən bir daha erməni terrorizminin tarixi cinayəti haqqında məlumat alacaqlar.

Beyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız bildirib: “Azərbaycanın tarixində yaşananları xatırlamaq və unutmamaq çox vacibdir. Azərbaycanlı qardaşlarımızın tarixinə düşmüş qanlı səhifələrin, qətlə yetirilən dövlət xadimlərinin və diplomatların xatirələrinin əbədiləşdirilməsi istiqamətində üzərimizə düşən vəzifəni yerinə yetiririk”.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu da memorial lövhənin erməni terrorçuları tərəfindən bu günə qədər azərbaycanlılara və türklərə qarşı törədilən cinayətlər haqqında tarixi həqiqətin bir nümunəsi olduğunu deyib.

Qeyd edək ki, 1921-ci il iyulun 18-də “Daşnaksütyun” erməni terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən İstanbulda qətlə yetirilən Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəslindəndir. O, 1918-ci ildə Cümhuriyyətin Daxili İşlər naziri olub, sonra Ticarət və Sənaye naziri kimi fəaliyyət göstərib. Cümhuriyyətin süqutundan sonra Türkiyəyə mühacirət edib.