Dekabrın 27-də “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə başlanılıb. Bununla əlaqədar keçirilən mətbuat konfransında müsabiqə üzrə Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təşkilat Komitəsinin üzvləri – Gənclər və İdman naziri Azad Rəhimov, nazirin müavini Fərhad Hacıyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə layihə barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, “Yüksəliş” müsabiqəsində qarşıya qoyulan məqsədlərdən biri yeni nəsil idarəçilərin müəyyənləşdirilməsidir. Müsabiqə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursunun bir halqasıdır. Kadr ehtiyatı bankının yaradılması üçün bu müsabiqə ən əlverişli müsabiqələrdən biri olacaq. İdarəçilik vərdişləri olan və öz potensialına inanan hər kəs bu müsabiqədə iştirak edə bilər.

Qeyd edilib ki, indiyə qədər test üsulu ilə keçirilən imtahanlarda insan qiymətləndirməsi olmayıb. “Yüksəliş” müsabiqəsində isə insan amili var. Yarımfinal və final mərhələsində iştirakçıları ekspertlər, psixoloqlar, idarəçi şəxslər qiymətləndirirlər. Bundan başqa, xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə treninqlər də keçiriləcək. Bu prosesin şəffaf, obyektiv keçirilməsinə nəzarəti, Təşkilat Komitəsi ilə yanaşı, media nümayəndələri də həyata keçirəcəklər.

Müsabiqəyə 21-51 yaşlı insanlar dəvət edilir. “21 yaşlı gənclər çox fəaldır, dövlət və ölkə üçün önəmli işlər görməyə çalışırlar. 51 yaşa gəlincə, insanlar var ki, bu yaşa qədər özünü göstərə bilməyib, ancaq böyük təcrübəyə, biliyə malikdir. Ona görə də bu insanlara da şərait yaradılmasını nəzərdə tutmuşuq”, – deyə Fərəh Əliyeva bildirib.

Vurğulanıb ki, bu cür müsabiqələr bir çox ölkələrdə var və bu sahədə dünya təcrübəsi öyrənilib. Müsabiqənin beş ay davam etməsi və iyun ayında başa çatması nəzərdə tutulub. Müsabiqədə 20 qalib olacaq və onların hər birinə 20 min manat veriləcək. Məbləğin 10 min manatı həmin şəxsin təhsili, 10 min manatı isə şəxsi xərc üçün nəzərdə tutulacaq.