“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin yanvar sayı çapdan çıxıb

İllərin görüşüb-ayrıldığı, bayramın bayrama qovuşduğu bu günlər paytaxtımızın mədəniyyət müəssisələri, incəsənət ocaqları üçün xüsusilə əlamətdardır. Məlum olduğu kimi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram istirahəti bu dəfə (dekabrın sonunda və yanvarın ilk həftəsində əmək təqvimində edilən əvəzetmə-dəyişikliklərlə bağlı) daha uzunmüddətli olacaq.

Yanvarın 6-dək davam edəcək istirahət günləri həm də bu zamanı ailə və uşaqlarla, dost-tanışlarla birgə mədəniyyət məkanlarına baş çəkmək, bayram əhvalını yaddaqalan etmək üçün bir fürsətdir.

Bu məkanlarda yanvarın ilk həftəsinin tədbirləri ənənəvi olaraq daha çox uşaqlara ayrılır. Amma uşaqlara məxsusi diqqətlə bərabər böyüklər, onların sənət zövqü də unudulmur. 2020-ci ilin yanvar ayında paytaxtın mədəniyyət məkanlarının repertuarı zəngin və rəngarəngdir. “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin bayram öncəsi çapdan çıxan yeni sayı uşaqdan böyüyə hər kəsə bu yöndə bələdçilik edə bilər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hər ay nəşr olunan “Mədəniyyət+Afişa” mədəniyyət ocaqlarında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.

“Afişa” əlavəsinin 2020-ci il yanvar sayında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının, eləcə də Şuşa Dövlət Musiqili Dram Teatrının göstərəcəyi tamaşalar barədə ətraflı məlumat almaq mümkündür. Bundan əlavə, ay ərzində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrında təqdim olunacaq konsertlər diqqətə çatdırılır. Heydər Əliyev Mərkəzində davam edən sərgilər, Azərbaycan Milli İncəsənət Muzeyində, Bakı Konqres Mərkəzində uşaqlar üçün hazırlanan layihələr haqqında da məlumat almaq mümkündür. Nizami Kino Mərkəzində və Bakı Dövlət Sirkində bayram proqramına qatılmaq istəyənlər də nəşrdəki məlumatlardan yararlana bilərlər. Teatrların aylıq afişası ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti, həmçinin konsertlər, sərgilər və s. haqqında təqdimat yazıları, anons-informasiyalar da verilib.

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.

Qeyd edək ki, “Afişa” əlavəsinin yanvar sayı dekabrın 28-dən etibarən paytaxtdakı 1, 3 saylı “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində, eləcə də teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Nəşrin yeni buraxılışını Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası və Respublika Uşaq Kitabxanasının oxucuları, şəhərdəki muzeylərin ziyarətçiləri, habelə ali bədii təhsil ocaqlarında müəllim və tələbələr də əldə edə bilərlər.

Layihənin məqsədi ictimaiyyəti paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkilində onlara informasiya dəstəyi verməkdir.