Məşhur rəssam Hüseyn Haqverdiyev müsahibələrinin birində hələ uşaq yaşlarından evlərinin divarında, qapılarında cızmaqaralar etdiyini qeyd etmişdi. Valideynləri onun həvəsini düzgün qiymətləndirib bu istiqamətdə inkişafına dəstək olurlar. Bu yaxınlarda 92 yaşını qeyd edən böyük sənətkar Ömər Eldarov da ilk dəfə heykəltəraşlıq dərnəyinə gedəndə cəmi 6 yaşı var imiş...

Kiçik yaşlarından içindəki sənət sevgisini büruzə verən böyük şəxsiyyətlərimizin siyahısını çox uzatmaq olar, amma bəlkə də şəraitin olmaması, düzgün istiqamətləndirilməmək və ya sadəcə özünü bu sahədə yoxlamaq şansı olmayan neçə-neçə potensial rəssamımızı hansısa dağ kəndində və ya sadəcə sinif otağında itirdiyimizdən xəbərimiz yoxdur. Yəqin ki, çoxumuz böyüklərimizin uşaq vaxtı çox yaxşı əl qabiliyyətinin olduğunu, amma “üstünə düşmədiklərindən” bu istedadlarının üzə çıxmadığından şikayətləndiyini eşitmişik. Elə bunları nəzərə alaraq artıq neçə ildir bu məsələni özünə mənəvi borc bilən Xətai Sənət Mərkəzi “Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsini gözəl bir ənənəyə çevirib. Ötən il müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində gerçəkləşdi.

Müsabiqəyə hər il Azərbaycanın bölgələrindən yüzlərlə uşaq minlərlə əl işi ilə müraciət edir. Əsərlər düzgün rəng seçimi, mövzunun ətraflı ifadə edilməsi, daha yaradıcı yanaşmalar nəzərə alınaraq seçilir, daha sonra sərgi salonunda nümayiş etdirilir və nəticədə bütün iştirakçılar diplom, sertifikatlar və hədiyyələrlə təltif olunur. Bütün bunların qarşılığında Xətai Sənət Mərkəzinin tək şərti şəffaflığın qorunması məqsədilə uşaqların əl işlərinə kənar müdaxilənin minimuma endirilməsidir. Belə sərgilərin əsas məqsədi uşaqlarda özünü incəsənət vasitəsi ilə ifadə gücünü inkişaf etdirmək, müsabiqənin adından da göründüyü kimi, onlara həm də vətən sevgisi hissini aşılamaqdır. Valideynlərin uşaqların rəsmlərinə müdaxiləsi bu baxımdan çox məntiqsiz görünsə də, ən böyük səbəbi bəlkə də, yuxarıda qeyd etdiyim kimi, kiçik yaşlarında şəraitin olmaması, daxili dünyasında boğduqları sənət aclığını indi özləri də bilmədən uşaqlarının vasitəsilə “doyurmağa” çalışmalarıdır. Amma, əlbəttə ki, bu onlara haqq qazandırmır və başa düşməlidirlər ki, bu tələb yalnız onların xeyrinə qoyulub.

“Doğma diyar” müsabiqəsinin 25-26 dekabr tarixində keçirilən yekun sərgilərində iştirak üçün 1200-dən çox uşağın 2000-dən çox əsərlə müraciət etdiyi açıqlananda Xətai Sənət Mərkəzinin öz məqsədinə çatdığına əmin oldum. O 1200 uşaq içərisindən mütləq gələcəyin məşhur rəssamları çıxacaq və əminəm ki, onların sənət yolunda bu müsabiqə böyük bir təkan olacaq.

Elçin HÜSEYNLİ
Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri