Fevralın 4-də görkəmli bəstəkar, müğənni, Xalq artisti, professor Polad Bülbüloğlunun anadan olmasının 75 ili tamam olur. Bu münasibətlə fevralın 4-də Beyləqan rayonunun Olimpiya İdman Kompleksində, fevralın 7-də isə Bakıda – Heydər Əliyev Sarayında yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, estrada ansamblı və solistlərin ifasında Polad Bülbüloğlunun əsərləri səslənəcək.

Polad Bülbüloğlu Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (Qara Qarayevin sinfi) bitirib. Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənni beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb. 1975-ci ildə təşkil etdiyi Azərbaycan estrada ansamblı, “Aşıqlar” vokal-instrumental ansamblı ilə birgə müxtəlif ölkələrdə uğurla çıxış edib.

Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yaradıb.

Bəstəkarın “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında yaratdığı “Eşq və Ölüm” baleti ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Həmin ildə Akademik Opera və Balet Teatrının balet truppası bu tamaşanı Sankt-Peterburqda Mariinsk Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirib.

Bənzərsiz ifası ilə estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlu həmçinin populyar bəstələrin müəllifidir. Onun “Gəl, ey səhər”, “Doğma diyar”, “Durnalar”, “Bayatılar”, “Bakı”, “Məni gözlə”, “Bənövşələr” və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir.

Polad Bülbüloğlu 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1988-ci ildən 2006-cı ilədək Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifələrində çalışıb. 2006-cı ildən ölkəmizin Rusiyada səfiridir.

Sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib, o, 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.