Bakıya səfərə gələn M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri yanvarın 23-də Azərbaycan Milli Kitabxanasında olublar. Görüş Bakıda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans çərçivəsində gerçəkləşib.

Görüşdə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, elmi və tədris fəaliyyəti üzrə direktor Tatyana Polejayeva, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Tamilla Əhmədova və başqaları iştirak edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara kitabxananın fəaliyyəti barədə məlumat verib, proseslərin avtomatlaşdırılması, elektron kitabxana, elektron kataloq, virtual biblioqrafik xidmət imkanlarından danışıb.

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da olan qonaqlar həftənin 7 günü və 24 saat fasiləsiz işləyən bu məkanın təcrübəsi ilə tanış olub, burada istifadəçilərə göstərilən elektron və onlayn xidmətlər, açıq səma altında təşkil edilən tədbirlər haqqında məlumat əldə ediblər.

Daha sonra qonaqlar Milli Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi”, şöbələri, oxu zalları ilə tanış olub, elektron kitabxana sistemi, virtual xidmətlərilə yaxından maraqlanıblar.

Sonda qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabı təqdim edilib.