Fevralın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasinda gənc ifaçıların üçüncü “World harmony” beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin açılışı olacaq.

Müsabiqə Gürcüstanın “Harmoniya” Folklor və Klassik Musiqisi İctimai Birliyinin, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşacaq.

Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil olunacaq. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızdan, eləcə də Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya və Ukraynadan təxminən 300-ə yaxın ifaçının iştirakı gözlənilir.