Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası hər həftə ölkəmizlə bağlı elmi kollokviumlar keçirir. Bu tədbirlərə Almaniya və digər Avropa ölkələrindən olan azərbaycanşünaslarla bərabər, Azərbaycandan da mütəxəssislər dəvət edilir.

Kollokviumun budəfəki yığıncağında məruzəçi qismində Bakı Dövlət Universitetinin professoru Lalə Əliyeva çıxış edib. Alimin “Müstəmləkə dövründə və müstəqillik dövründə Azərbaycanda tarixi yaddaş və tarixin yazılması” adlı məruzəsi maraqla qarşılanıb.

Professor Lalə Əliyeva məruzədə Azərbaycan tarixşünaslığının XIX əsrdən bu günə qədər əldə etdiyi əsas nailiyyətləri dinləyicilərin nəzərinə çatdırıb. O, ölkəmizin və xalqımızın ən qədim tarixi və etnogenezi ilə bağlı mövcud olan müxtəlif nəzəriyyə və elmi ehtimallara da xüsusi yer ayıraraq bunların hər birini təhlilə cəlb edib, eyni zamanda tarix elmimizin inkişafında xidməti olan görkəmli alimlərimizin tədqiqatçılıq uğurlarını qeyd edib.

Sonda məruzəçinin irəli sürdüyü tezislər və əsaslandığı tarixi fakt materialı ətrafında maraqlı diskussiyalar aparılıb.

Humboldt Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux Bakıdan gələn qonağa dərin məzmunlu və əhatəli məruzəsinə görə bütün dinləyicilər adından təşəkkürünü bildirib.

Qeyd edək ki, Lalə Əliyeva iki həftə ərzində Humboldt Universitetinin tələbə və doktorantları üçün Azərbaycan tarixi üzrə mühazirələr oxuyacaq və seminarlar keçəcək.