Qazaxıstanın Çimkənd (Şımkent) şəhəri 2020-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Martın 22-də “paytaxt ili”nin rəsmi açılış mərasimi keçiriləcək.

Mədəniyyət ili çərçivəsində ümumilikdə 40-a yaxın tədbir, o cümlədən MDB ölkələrinin incəsənət xadimlərinin iştirakı ilə konsert, “Böyük İpək Yolu” tətbiqi incəsənət sərgisi, teatr və opera sənəti festivalı, “Avrasiyanın ruhu” estrada ifaçılarının beynəlxalq festivalı, yazıçı və şairlərin yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılır. “Mədəniyyət paytaxtı ili”nin tədbirləri noyabrda yekunlaşacaq.

Bu il həmçinin Qazaxıstanın qədim Çimkənd şəhərinin 2200 illik yubileyidir. Yubiley UNESCO səviyyəsində qeyd ediləcək.

Xatırladaq ki, MDB-də “mədəniyyət paytaxtları” təşəbbüsü 2010-cu ildə irəli sürülüb və ilk dəfə 2011-ci ildə Rusiyanın Ulyanovsk və Belarusun Qomel şəhərləri bu ada layiq görülüb. 2012-ci ildə MDB dövlət başçılarının Aşqabad sammitində “Birliyin mədəniyyət paytaxtları” proqramı təsdiq olunub. Proqrama əsasən, hər il iki (bəzən üç) şəhər paytaxt adını qazanıb. 2015-ci ildən sonra hər il bir şəhərə bu ad verilib. Azərbaycandan 2013-cü ildə Qəbələ, 2017-ci ildə isə Gəncə şəhərləri “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Ötən il bu statusu Belarusun Brest şəhəri daşımışdı. 2021-ci ilin “paytaxtı” noyabrda Çimkənd şəhərindəki bağlanış mərasimində elan olunacaq.

Layihənin məqsədi MDB məkanında mədəni əməkdaşlığı və mədəniyyətlərin dialoqunu təşviq etməkdir.