İstanbulun Taksim meydanında ötən il fevralında təməli qoyulan yeni Atatürk Mədəniyyət Mərkəzinin inşası davam etdirilir. Mərkəzin opera salonu Türkiyədə bu qəbildən ən böyük zal olacaq.

2018-ci ildə sökülüb, yeni layihə ilə inşa edilən mədəniyyət mərkəzinin əsasını da 2073 tamaşaçı üçün nəzərdə tutulan opera salonu təşkil edəcək.

Binada həmçinin 828 nəfərlik teatr, 1000 yerlik konsert zalları, 285 yerlik kino zalı, 250 tamaşaçı üçün kamera (oda) teatrı və bir sərgi salonu, eləcə də kitabxana olacaq. Yeni mərkəzin ən üst mərtəbəsində isə restoran fəaliyyət göstərəcək.

Plana əsasən, mərkəzin tikintisinin iki il ərzində tamamlanması gözlənilir. Yeni binanın layihə müəllifi bundan əvvəlki Atatürk Mədəniyyət Mərkəzinin memarı olmuş Murat Tabanlıoğlunun oğlu Hayati Tabanlıoğludur.

Qeyd edək ki, Taksimdəki Atatürk Mədəniyyət Mərkəzi 1999-cu ildə Türkiyənin “Qorunması vacib mədəni miraslar” siyahısına daxil edilsə də, binanın 2009-cu ildə yenidən inşasına qərar verilib. Lakin şəhər məhkəməsinin qərarı ilə yenidənqurma işləri müvəqqəti təxirə salınıb və bərpa işlərinin aparılması istiqamətində layihələr hazırlanıb. Sonradan bərpa əvəzinə yeni binanın inşası qərara alınıb.

CAVİD