Özbəkistanda silsilə tədbirlər keçirilir

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə “Qarabağ – Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verilib.

AMM-in direktoru Samir Abbasov bildirib ki, il ərzində müxtəlif tədbirlər çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzinin istehsal etdiyi “Qarabağ atı” animasiya filmi, “Qarabağ – əcdadlarımızın mirası” adlı sənədli film nümayiş olunacaq.

Həmçinin “Azərbaycanın Qarabağ diyarı Özbəkistan rəssamlarının gözü ilə” rəsm, “Könlüm keçir Qarabağdan” şeir müsabiqələrinin keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə qatılan şairlərin Qarabağa həsr etdikləri ən yaxşı şeirlər seçilərək nəşr ediləcək.

Mərkəzin layihəsi ilə “Wikipedia.org” ensiklopediyasında Azərbaycana dair özbək dilində yeni bölmələrin yaradılması, mövcud bölmələrin zənginləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Qarabağın Azərbaycan mədəniyyətində, ədəbiyyatında, musiqisində yeri və rolu, bölgənin rayonları, abidələri, adət-ənənələrinə dair yeni bölmələr yaradılacaq.

S.Abbasov vurğulayıb ki, “Qarabağ – Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində yerli mətbuatda məqalələrin dərc edilməsinə dəstək göstəriləcək, kitabların, videoroliklərin hazırlanması həyata keçiriləcək. Mərkəz tərəfindən 2020-ci il ərzində Qarabağa həsr olunmuş konsertlərin, muğam axşamlarının keçirilməsi, “Qarabağ” muğam qrupunun Özbəkistanda çıxışı da nəzərdə tutulub.