Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən həftə İtaliyada dövlət səfərində olub. Səfər iki ölkə arasında “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin, müxtəlif sahələrdə əməkdaşlığa dair 20-dən çox sənədin, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması, həmçinin İtaliyada “Azərbaycan mədəniyyəti ili”nin başlanması ilə yadda qaldı.

Fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il – İtaliyada Azərbaycan mədəniyyəti ili”nin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella konsert proqramını dinləyiblər. Azərbaycan Dövlət Kamera Orkestri və solistlər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.

İtaliyada “Azərbaycan mədəniyyəti ili”nin və mədəni sahədə əməkdaşlığın əhəmiyyəti Prezident Sercio Mattarellanın adından Prezident İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətində bir daha vurğulanıb.

 

İtaliyada “Azərbaycan mədəniyyəti ili”nin açılışı

 

Ziyafətdə çıxış edən Sercio Mattarella bildirib ki, müstəqilliyinin üçüncü onilliyində Azərbaycan regionun ən inkişaf edən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq edib. Azərbaycan və İtaliya ikitərəfli münasibətlərdə, xüsusən energetika və sənaye sektorlarında, həmçinin mədəni və sosial əhəmiyyətli təşəbbüslər daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara imza atıb: “Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, italyan dili və mədəniyyəti artan marağa səbəb olur. Mən inanıram ki, elm, texnologiya və təhsil sahələrində bağlanmış sazişlər bizim xalqlarımız arasında mövcud olan qarşılıqlı anlaşmanı və dostluğu daha da gücləndirəcək. Bu axşamkı konsert yalnız Azərbaycan yaradıcılığının qeyri-adiliyini deyil, həmçinin Azərbaycan və İtaliya arasında mövcud dərin mədəni oxşarlıqları bir daha sübut edir”.

Prezident Sercio Mattarella qeyd edib ki, konsert proqramının İslam dünyasında ilk opera olan, keçən əsrin əvvəllərində Bakıda səhnələşdirilən və elə o dövrdən etibarən bizim mədəniyyətlərin yüksək sintezini ifadə edən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin məşhur bir parçası ilə başlaması təsadüfi deyil.

Prezident İlham Əliyev çıxışında Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixini diqqətə çatdırıb.

Qeyd edib ki, 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESCO-nun siyahısına daxil olunmuş Qobustan Dövlət Tarix-Bədii Qoruğu ərazisindəki qayalar üzərində Roma İmperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları var. Orta əsrlərdə italyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs edib. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında diplomatik əlaqələr qurulub. Müsəlman aləmində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə də ölkələrimiz arasında diplomatik münasibətlər yaradılıb. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və Neapol qardaşlaşmış şəhərlər elan edilib. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır.

Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib. Forumda qeyd olunub ki, hazırda İtaliyanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Prezident İlham Əliyev biznes forumda çıxışında səfər əsnasında imzalanan sənədlərin önəmini vurğulayıb. Bildirib ki, yalnız bir-birinə çox yaxın olan ölkələr arasında bu qədər sənədlərin imzalanması mümkündür. Dövlət başçısı deyib ki, strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə bizim gələcək ikitərəfli əməkdaşlığımızın əsas prioritetlərini müəyyən edən bir sənəddir: “Bu sənəddə çox önəmli müddəalar var. Bu müddəalar onu göstərir ki, bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə yaxındır”.

 

Romada Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq

 

Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlığı xüsusilə qeyd edib: “Artıq səkkiz ildir ki, “Villa Borgeze” parkında dahi Azərbaycan şairi Nizaminin abidəsi ucalıb. Azərbaycanın Romada Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi ilə bağlı müvafiq addımlar atılıbdır. Şəhərin mərkəzində gözəl bina alınıbdır və əminəm ki, yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzi Romada fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə də tanış olublar. Məlumat verilib ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin səfirliyimizin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur. Prezident İlham Əliyev binanın əsaslı təmir layihəsi və görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

*** 

Həmin gün Prezident İlham Əliyev Roma şəhərinin meri xanım Vircinia Raggi ilə görüşüb.

Xanım mer Romada arxeoloji qazıntılara verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. O, Bakı və Roma şəhərləri arasında əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

Görüşdən sonra dövlətimizin başçısı və Roma meri şəhərin qədim ərazisinin qalıqlarına baxıblar. Qeyd edək ki, 2014-cü ilin iyulunda Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Roma şəhər meriyası arasında saziş imzalanıb. Bu saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tuturdu. Dövlət başçısına görülən işlər barədə məlumat verilib.

Sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Roma şəhər meriyası arasında əməkdaşlıq haqqında bəyannamə imzalanıb.

 

Vatikanda görüşlər

 

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Azərbaycan Prezidentini və birinci xanımı salamlayan Roma Papası onların Vatikana səfərlərini və özünün 2016-cı ildə Azərbaycana səfərini xatırladaraq bu səfərdən məmnun qaldığını bildirib.

Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunaraq qeyd edib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir. Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərinə görə Azərbaycan hökumətinə, Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir. Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir.

Görüşdə qarşılıqlı hədiyyələr təqdim edilib.

Fevralın 22-də Vatikana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub. Prezident ötən il Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirildiyini bildirərək bu tədbirdə Vatikan nümayəndəsinin də iştirak etdiyini xatırladıb.

Kardinal Pietro Parolin öz növbəsində Azərbaycan ilə Vatikan arasında xüsusi münasibətlərin olduğunu deyib, ölkəmizdə Katolik Kilsəsinin fəaliyyəti üçün yaradılan şəraitin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Kardinal Pietro Parolin Birinci vitse-prezident Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını (Dama di Gran Croce dell’ordine Piano) təqdim edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən hazırda Vatikanda bir neçə layihə həyata keçirilir. 2019-cu ilin fevralında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsi Fondun maliyyə dəstəyi ilə bərpa edilir və işlər başa çatmaq üzrədir. Həmçinin Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən hazırda “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işləri aparılır və layihənin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. 2016-cı ildə icrasına başlanan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi çərçivəsində də işlər yekunlaşıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva həmin gün Vatikanda Renessans dövrü italyan incəsənəti və memarlığının ən görkəmli abidələri – Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar.

Fevralın 22-də Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri başa çatıb.