Argentinanın Azərbaycandakı səfirinin müavini xanım Korina Beatriz Lehmann fevralın 27-də Milli Kitabxanada olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq, eləcə də Argentinanın Azərbaycandakı səfirliyi ilə kitabxananın əlaqələrindən bəhs edib, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Milli Kitabxananı yenidən ziyarət etməsindən məmnunluğunu söyləyən xanım Korina Beatriz budəfəki səfərinin argentinalı müəllif Rodolfo Dinselin Azərbaycan dilinə tərcümə edilmiş “Tanqo rəqsi” kitabının təqdimat mərasimi ilə bağlı olduğunu bildirib.  O, kitabın tanqo mədəniyyətindən bəhs edən, həmçinin rəqs məktəbləri və tanqo həvəskarları üçün faydalı bir vəsait olduğunu bildirib.

Yaxın günlərdə kitabxanada nəşrin təqdimatının keçirilməsi barədə razılığa gəlinib.

Görüşdə həmçinin Argentina Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında imzalanması nəzərdə tutulan əməkdaşlıq haqqında anlaşma memorandumu da müzakirə edilib.

Sonda xanım Korina Beatriz “Tanqo rəqsi” kitabını Milli Kitabxanaya hədiyyə edib.