İtaliyanın “Sandro Teti” nəşriyyat evi “Kitabi-Dədə Qorqud” dastanının, Azərbaycan ədəbiyyatı nümunələrinin tərcümə və nəşrini həyata keçirəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti və memar Laura Peretti ilə görüşündə söhbət açılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya bu yaxınlarda reallaşan səfərini xatırladan akademik Ramiz Mehdiyev iki ölkə arasında tarixən mövcud olmuş əlaqələrdən bəhs edib. O cümlədən elm sahəsində əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.

Sandro Teti rəhbərlik etdiyi nəşriyyat evinin fəaliyyəti barədə ətraflı məlumat verib. O, xarici ölkə müəlliflərinin nəşr edilən əsərlərinin alim-tərcüməçilər tərəfindən yüksək peşəkarlıqla tərcümə edildiyini deyib. Azərbaycanla bağlı bir sıra kitabların çap olunmamış layihə variantlarını müzakirə üçün təqdim edən italiyalı qonaq AMEA ilə də əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

İtaliyanın nəşriyyat rəhbərinin Azərbaycanla bağlı təkliflərini yüksək dəyərləndirən akademik Ramiz Mehdiyev ölkə elminin Avropada təbliğ olunması məqsədilə bir sıra əsərlərin italyan dilinə tərcümə edilib yayılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə nəşriyyat işi və arxeoloji memarlıq sahəsində fikir mübadiləsi aparılıb. Sonra Azərbaycan tarixi, ədəbiyyatı və folklorunu əhatə edən bir neçə əsərin “Sandro Teti” nəşriyyat evində peşəkar şərqşünas alimlər tərəfindən italyan dilinə tərcümə olunaraq çap edilməsi barədə ilkin razılığa gəlinib.

Görüşdə AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev də iştirak ediblər.