Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Andrey Maslin və səfirliyin ikinci katibi Alina Zolotaryeva Azərbaycan Mətbuat Şurasında olublar.

Şuranın sədri Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun beynəlxalq media təşkilatları ilə əməkdaşlığından söz açıb. Bildirib ki, bu xüsusda Rusiyanın media sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsi də əhəmiyyət kəsb edir. Şura sədri MŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumunun imzalandığını diqqətə çatdıraraq vurğulayıb ki, sənəd qarşılıqlı əməkdaşlıq üçün münbit zəmin yaradır.

Görüşdə Rusiya və Azərbaycan jurnalistlərinin qarşılıqlı təmaslarının gücləndirilməsinin vacibliyi vurğulanıb. Xəzər dənizi hövzəsinə daxil olan ölkələrin jurnalistlərinin görüşünün təşkili və bu yöndə təşəbbüsləri gücləndirmək barədə məsləhətləşmələr aparılıb.