Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın “Profi+travel” portalında təşkil olunmuş təlim layihəsində qalib gələn turagentlərin ölkəmizə infoturu təşkil olunub. 23-28 fevralda gerçəkləşən tanışlıq səfərində layihə müddətində Azərbaycana turlarının aktiv satışını həyata keçirən 10 turagent iştirak edib.

Qonaqların Azərbaycanın əsas turizm infrastrukturu, tarixi məkanları, milli mətbəxi, yerli adət-ənənələri, hotelləri, turistlərə təklif olunan xidmətlər, eləcə də qış turizmi imkanları barədə məlumatlandırılması məqsədilə Bakı, Qobustan, Quba və Qusara səfərlər təşkil edilib.

Moskva, Sankt-Peterburq, Kazan, Ulyanovsk, Tolyatti, Saratov, Samara və Yaroslavl şəhərlərini təmsil edən turoperatorlarla 70-ə yaxın yerli turizm şirkətinin nümayəndələri arasında görüş zamanı əməkdaşlıq imkanları qiymətləndirilib.

Qeyd edək ki, “Profi+travel” portalında 6 ay davam edən onlayn təlim layihəsinin sonunda turagentlər Azərbaycanın turizm potensialı, hotellər və turizm marşrutları haqda yerləşdirilən materialları mənimsəyiblər. Tematik vebinarları dinləyən və test mərhələsini uğurla adlayan qaliblər Azərbaycan Turizm Bürosu tərəfindən sertifikatla təltif edilib.