“Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir”

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev kürsüyə çıxaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinə görə, parlamentin ilk iclasını iclasda iştirak edən ən yaşlı deputat aparır.

Sonra iclası aparmaq deputat Ziyad Səmədzadəyə həvalə olunub. Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan edərək seçilmiş deputatların siyahısını oxuyub.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyib.

Dövlət başçısı altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə deputatları təbrik edib. Beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edən Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən dövlət başçısı bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib.

Prezident onu da diqqətə çatdırıb ki, heç bir seçki qüsursuz olmur: “4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmaması üçün Azərbaycan özü maraqlıdır. Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir”.

Prezident vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı parlament kimi formalaşıb. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlət başçısı bildirib ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdır: “Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var”.

Son vaxtlar Prezident Administrasiyası nümayəndələrinin ölkədəki siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirdiyini nəzərə çatdıran dövlət başçısı deyib: “Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir”.

Prezident vurğulayıb ki, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar – bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir: “Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz kimi, islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır. Bu islahatları mən andiçmə mərasimində, bax, bu salonda bəyan etmişdim. Biz onları ardıcıl olaraq icra edirik və bu, həyatda öz əksini tapır”.

Prezident qeyd edib ki, islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır: “Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir”.

Deputatların qarşısında duran vəzifələrdən danışan dövlət başçısı mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunub. Vurğulayıb ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. “Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr baş verir ki, bütün dünya çaş-baş qalır. Ona görə bu qanunlar doqma deyil, onlara, əlbəttə ki, baxmaq lazımdır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir. Ona görə qeyd etdiyim kimi, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri, əlbəttə ki, lazım olacaq, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Hesab edirəm ki, bizim milli dəyərlərimizlə, milli ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır... Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, - misal üçün, könüllülər hərəkatı çərçivəsində, - vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində, əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır”.

 

Tarixi həqiqətlərin yayılmasında deputatlar daha fəal olmalıdır

 

Dövlət başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyini qeyd edib, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyini vurğulayıb: “Bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar. Mən Münxendə Kürəkçay sülh müqaviləsi haqqında deyəndən sonra bilirəm ki, Ermənistanda indi bu müqaviləni əzbərləyirlər. Orada açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada, ümumiyyətlə, söhbət belə getmir. Bir tərəfdən Rusiya generalı Sisianov, bir tərəfdən İbrahim xan, özü də rusca yazılmışdır İbrahim xan “Karabaxski Şuşinski”. Bax, budur real tarix. XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir... Biz bunu deməliyik, deməliyik ki, təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. Amma biz bu məlumatı kifayət qədər çatdıra bilmirik. Ona görə bu, xüsusi bir istiqamət olmalıdır”.

Prezident qeyd edib ki, parlamentlə hökumət üzvləri də daha sıx təmasda olmalıdırlar, onlar gördükləri işlər haqqında məruzə etməlidirlər, çıxış etməlidirlər və bunu da biz sistemə salmalıyıq: “Çünki bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq, - mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və təsir imkanları artsın, - həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır”.

Dövlət başçısı eyni zamanda vətəndaş fəallığının, ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb: “İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk”.

 

Mədəniyyətlərarası dialoqda parlamentin rolu

 

Prezident qeyd edib ki, dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı parlamentin də rolu çox təsirli ola bilər. Beynəlxalq tədbirlərdə və Azərbaycanda keçirilən bir çox tədbirlərdə bizim deputatlar fəal iştirak etməlidirlər. Biz öz dinimizə hörmət edirik. Dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, başqalarının dinlərinə də hörmətlə yanaşmalıyıq. Keçən ilin sonlarında Bakıda keçirilmiş Dünya dini liderlərinin II Zirvə Görüşündə səslənən fikirlər onu göstərir ki, bu gün dünya miqyasında bəlkə də Azərbaycan qədər bu məsələ ilə ciddi məşğul olan və ciddi nəticələr hasil edən ikinci ölkə yoxdur. Həm müsəlman aləmi bizi dəstəkləyir, həm də İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibətə görə bizi örnək kimi göstərir. Həm Rusiya Pravoslav kilsəsinin patriarxı Kirill Azərbaycanda gedən dinlərarası proseslərə müsbət qiymət verir, həm də Roma Papası Fransisk. Mən onunla artıq 3 dəfə görüşmüşəm, bir dəfə Bakıda, iki dəfə Vatikanda. Onun da Azərbaycanda bu sahədə aparılan işlərə verdiyi qiymət çox yüksəkdir. Bunlar aparıcı ənənəvi dünya dini liderlərinin sözləridir”.

Bununla bərabər, biz Azərbaycanı müasir, dünyəvi dövlət kimi gücləndirməliyik: “Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Ancaq sözün düzü, xatırlamıram ki, bu məsələ ilə bağlı əvvəlki dövrdə parlamentdə ciddi söhbət aparılsın. Biz aparmalıyıq. Heç bir bağlı mövzu olmamalıdır. Çünki bizim gələcəyimiz bundan asılıdır. Biz 20 il, 30 il, 50 il sonra hansı dövlətdə yaşamaq istəyirik. Biz bilirik və xalq da bilir. Amma bunu təmin etmək lazımdır. Əgər oturub nəyisə gözləyəcəyiksə, böyük problemlər yarana bilər. Ona görə biz bu sahədə də öz siyasətimizi təmin etməliyik, bizim siyasətimizin üstünlüyünü göstərməliyik və müqayisə etməliyik, çəkinmək lazım deyil. İstənilən tərəflə müqayisə etmək üçün kifayət qədər arqumentlərimiz var, təhlükəsizlik, əmin-amanlıq, inkişaf, sosial rifah, azadlıqlar. Ona görə parlament bu məsələlərlə ciddi məşğul olmalıdır və əminəm ki, olacaq”.

Prezident nitqinin sonunda bildirib ki, parlament seçkiləri Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut etdi. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik”.

 

Milli Məclisin yeni sədarəti və komissiya sədrləri

 

Sonra iclasın sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib. Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə keçirilib və 116 səs lehinə olmaqla Sahibə Qafarova Milli Məclisin Sədri seçilib.

Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə Yeni Azərbaycan Partiyasının üzvü, deputat Əli Hüseynli seçilib.

Deputatlar Adil Əliyev (bitərəf) və Fəzail İbrahimli (Vətəndaş Həmrəyliyi Partiyası) Milli Məclis Sədrinin müavinləri seçiliblər.

Milli Məclisin İntizam Komissiyasının və Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adları elan edilib və bütövlükdə səsə qoyularaq təsdiq ediliblər.

Daha sonra Milli Məclisin Sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxuyub. Məsələ səsə qoyularaq qəbul edilib.

Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin sədrləri təsdiq ediliblər.

İclasda komitə sədrlərinin müavinləri də təsdiq olunub.

Bununla da altıncı çağırış Milli Məclisin birinci iclası başa çatıb.