Azərbaycan qadınlarının zərifliyi, ailəcanlı olması, mətinliyi və məğrurluğu əsrlərdən bəri tarixi mənbələrdə, xalq yaradıcılığında, ədəbi əsərlərdə dönə-dönə ifadə olunub. Qadınlarımızın xüsusilə ailə dəyərlərinə verdikləri əhəmiyyət yüksək təqdirə layiqdir. Bu dəyərlər nəsillər arasında zəngin mənəvi bağlılığın qorunub yaşadılmasında mühüm rol oynayır.

Bu fikirlər Mədəniyyət naziri Əbülfəs Qarayevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin mədəniyyət sahəsində çalışan xanımlara təbrikində yer alıb.

Təbrikdə qeyd olunur ki, Azərbaycan qadınları bu gün ölkə həyatının bütün sahələrinə, o cümlədən mədəniyyət və incəsənətin inkişafına böyük töhfələr verirlər. Onlar yüksək dövlət vəzifələrində ölkəmizə ləyaqətlə xidmət edirlər. “Mədəniyyət sahəsində çalışan işçilərin də böyük hissəsini qadınlar təşkil edir. İstedadlı musiqiçi xanımlarımız ölkəmizdə və xaricdə keçirilən festival və müsabiqələrdə iştirak edərək laureat adını qazanır, Azərbaycanı layiqincə təmsil edirlər. Xanım sənətçilərimiz dünyanın məşhur səhnələrində opera tamaşalarında əsas partiyalarda parlaq ifaları ilə yüksək sənət nümayiş etdirirlər. Sevindirici haldır ki, dövlətimiz tərəfindən qadınların fədakar əməyi həmişə yüksək qiymətləndirilir. Çalışdıqları sahələrdə uğur qazanan xanımlar fəxri adlara, orden və medallara layiq görülürlər. Bu da öz növbəsində onları yeni nailiyyətlər qazanmağa ruhlandırır”, – deyə təbrikdə vurğulanır.