Aprelin 22-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycandan Qazaxıstana dostluq körpüsü: Abay Kunanbayev – 175” mövzusunda respublika elmi konfransı keçiriləcək. İnstitutun Türk xalqları ədəbiyyatı şöbəsi tərəfindən elmi konfransa məqalə qəbulu martın 10-da başa çatıb.

İnstitutdan bildirilib ki, görkəmli qazax şairi Abay Kunanbayevin 175 illik yubileyinə həsr edilmiş konfransda elmi dərəcəsi olan şəxslər, habelə müəllimlər, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr (hər kəs bir məqalə ilə) qatıla bilərlər.

Konfransa təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra müəlliflərə elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.

Xatırladaq ki, 2020-ci il TÜRKSOY təşkilatı tərəfindən türk dünyasında “Abay Kunanbayev ili” elan edilib.