Xalqlarımızın etnik yaxınlığı, dillərimizin yaxınlığı, ortaq mədəniyyətimiz ölkələrimizin daha sıx əməkdaşlığına zəmindir

Xəbər verildiyi kimi, martın 11-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda rəsmi səfərdə olub. Son illər iki dost ölkə arasında münasibətlər intensiv şəkildə inkişaf edir. 2017-ci ildə Türkmənistanın dövlət başçısı Bakıya, 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfər etmişdi. Ötən ilin oktyabrında da Türkmənistan rəhbəri Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Bakıya gəlmişdi.

“Bizim görüşlərimiz mütəmadi xarakter daşıyır. Biz bu görüşlərdə çox mühüm məsələlərə dair qərarlar qəbul edirik. Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var. Bu, dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin tarixidir. Biz həmişə bir-birimizi dəstəkləmişik, bir-birimizin uğurlarına həmişə sevinmişik. Bu gün biz iki müstəqil dövlət olaraq fəal surətdə öz gələcəyimizi qururuq”, – deyə Prezident İlham Əliyev rəsmi qarşılanma mərasimindən sonra həmkarı ilə görüşdə bildirib.

Prezident vurğulayıb ki, budəfəki səfər də iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq sahələrini əhatə edən çox geniş gündəliyə dair fəal dialoqun davamıdır: “Biz öz regionumuzda – Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edirik. Buna görə əminəm ki, ölkəmizə budəfəki rəsmi səfəriniz səmərəli, məhsuldar olacaq və yaxşı nəticələr verəcək”.

Türkmənistan Prezidenti öz növbəsində bu rəsmi səfərə çox böyük əhəmiyyət verdiklərini vurğulayaraq deyib: “Düşünürəm ki, bugünkü görüşümüz, danışıqlarımız da dostluq münasibətlərimizin möhkəmlənməsinə yaxşı təkan verəcək”.

Prezidentlərin təkbətək görüşündən sonra danışıqlar iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb, Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərlərinin mütəmadi həyata keçirildiyi qeyd olunub. İkitərəfli müqavilə-hüquq bazasının genişləndiyi, Azərbaycan Prezidentinin 2018-ci ildə Türkmənistana səfəri zamanı 20-dən artıq ikitərəfli sənədin imzalandığı, Türkmənistan Prezidentinin bu səfəri çərçivəsində də 20-yə yaxın sənədin imzalanacağı diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi təsisatlarda sıx əməkdaşlıq edir.

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin və nəqliyyat daşımalarının artması məmnuniyyətlə qeyd olunub, enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan-Türkmənistan sənədləri imzalanıb

 

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Həmçinin mülki aviasiya, miqrasiya sahəsində əməkdaşlıq, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə Türkmənistanın Dövlət Televiziya, Radio Verilişləri və Kinematoqrafiya Komitəsi arasında, Bakı Dövlət Universiteti ilə Məhtimqulu adına Türkmən Dövlət Universiteti arasında, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dillər, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlıq, Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında, informasiya-kommunikasiya texnologiyaları sahəsində, Xəzər dənizinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi sahəsində əməkdaşlıq və s. məsələlərə dair ümumilikdə 17 sənəd imzalanıb.

***

Sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

Bu səfərin ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirən Azərbaycan Prezidenti deyib: “Xalqlarımız əsrlərboyu mehriban şəraitdə yaşayır, işləyir, bir-birini dəstəkləyir, bir-birinə kömək edirlər. Ölkələrimizin müstəqil dövlətlər kimi təşəkkülünün bütün mərhələlərində biz həmişə bir-birimizi dəstəkləmişik. Bu gün həmin dəstək həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıqda hiss olunur”.

 

Daha sıx əməkdaşlıq üçün zəmin

 

İlham Əliyev qeyd edib ki, biz qonşularınız və mehriban dostlarınız kimi Türkmənistanın  uğurlarına həmişə sevinirik: “Türkmənistanda olarkən həmişə ölkənizin çox sürətli, dinamik inkişafını görürəm. Keçən dəfə mən çox müasir idman qurğuları ilə də tanış olmaq imkanı əldə etdim. “Asiada”nın uğurla keçirilməsi münasibətilə Sizi təbrik etmək istərdim. Belə genişmiqyaslı idman yarışlarının keçirilməsi həm müasir infrastruktur, həm də təşkilatçıların peşəkarlığını, ustalığını tələb edir... Aşqabadın müasirləşməsini və inkişafını Sizin gözəl ölkəyə səfər edən hər kəs görür. Bu gün qardaş Türkmənistanın gücü və müasirliyi bunda da əks olunur”.

İkitərəfli əməkdaşlığın geniş spektrindən danışan Azərbaycan Prezidenti qeyd edib ki, bu gün imzalanmış sənədlər onsuz da çox geniş olan müqavilə-hüquq bazasını tamamlayır: “Mənim Türkmənistana rəsmi səfərim zamanı 20-dən çox, bu gün isə 20-yə yaxın sənəd imzalanıb. Bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlərin təxminən yarısı deməkdir. Bu, onu göstərir ki, son ilyarım ərzində biz müqavilə-hüquq bazasının möhkəmlənməsi baxımından çox böyük yol keçmişik”.

Vurğulanıb ki, iki ölkə arasında əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq. Bu gün bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Enerji sektoru ilə bağlı məsələlərdə yaxşı nəticələr var.

Azərbaycan rəhbəri xalqlarımızın etnik yaxınlığı, dillərimizin yaxınlığı, ortaq mədəniyyətimiz nəzərə alınmaqla, ölkələrimiz üçün humanitar əməkdaşlığın vacibliyini bir daha qeyd edib.

 

“Bizi həm də Xəzər dənizi birləşdirir”

 

Türkmənistan Prezidenti bəyanatında siyasi, iqtisadi, mədəni-humanitar sahələrə aid məsələlərə dair müzakirələrin əhəmiyyətini vurğulayıb. “Siyasət məsələlərinə gəldikdə, vurğulamaq istərdim ki, Azərbaycan regionda Türkmənistan üçün strateji tərəfdaşdır. Yəni, bizim mövqelərimiz çox cəhətdən oxşardır. Biz bütün dünyada və regionda, - mən Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionunu nəzərdə tuturam, - sabitliyin və təhlükəsizliyin tərəfdarıyıq”,  – deyə Qurbanqulu Berdiməhəmmədov bildirib. 

Qeyd edib ki, həm Türkmənistan, həm də Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin, özünü təmin edən dövlətlərdir, biz bu ehtiyatların şaxələndirilməsinin tərəfdarıyıq:  “Biz belə bir ideya irəli sürürük ki, bu şaxələndirmə istehsalçı, daşıyıcı və son istehlakçı arasında paritet əsasda qurulmalıdır. Buna görə də biz bu gün razılaşdıq ki, bundan sonra da qaz, neft-kimya və başqa sahələr üzrə birgə işləyəcəyik. Həmçinin tekstil sənayesi, aqrosənaye kompleksi, habelə nəqliyyat-tranzit dəhlizinin inkişafı məsələlərinə diqqəti cəlb etdik. Bu mövzuya keçməzdən əvvəl xatırlatmaq istərdim ki, bizi həm də Xəzər dənizi birləşdirir. Xəzəryanı ölkələrin hamısı bildirir ki, bu, sülh və mehriban qonşuluq dənizidir”.

Özəl sektora aid məsələlərin də müzakirə edildiyini deyən türkmən lider Bakıda Türkmənistan ticarət evinin və Aşqabadda Azərbaycan ticarət evinin təsis edilməsi barədə də razılığın əldə olunduğunu bildirib.

Türkmənistan Prezidenti daha sonra deyib: “Əlbəttə, biz mədəni-humanitar sahəyə də toxunduq. Bu sahədə elm, təhsil, idman və turizm məsələləri prioritetdir. Lakin ən başlıcası, biz vurğuladıq ki, artıq qeyd edildiyi kimi, bizim köklərimiz ortaq, dilimiz birdir, bizim milli xüsusiyyətlərimiz var. Buna görə də biz milli sərvətimiz, yəni Türkmənistan və Azərbaycan xalçaları kimi incilərimizə böyük əhəmiyyət veririk. Buna görə biz Türkmənistan və Azərbaycan xalçalarına həsr edilmiş sərgilər, konfranslar keçirilməsi barədə razılığa gəldik. Gördüyünüz kimi, prinsip etibarilə bu gün bizim görüşlərimiz və danışıqlarımız, həqiqətən çox yaxşı, yəni konstruktiv olub, qarşılıqlı hörmət və qarşılıqlı etimad fonunda keçib”.

 

Xalça Muzeyi ilə tanışlıq

 

Qeyd edək ki, iki ölkənin zəngin ənənələrə malik xalça sənəti sahəsində əməkdaşlığına Türkmənistan və Azərbaycan rəhbərlərinin öncəki görüşlərində də  toxunulmuşdu.

Prezident Qurbanqulu Berdiməhəmmədov budəfəki səfəri zamanı Azərbaycan Milli Xalça Muzeyi ilə də tanış olub.

Muzeyin direktoru Şirin Məlikova ali qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fond”unu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir. Qeyd edilib ki, xalçaçılıq sənətinin inkişafına dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Türkmənistan rəhbəri muzeydə yerləşən “Zərgərlik fondu” ilə də tanış olub. Burada Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid qızıl və gümüş eksponatlar yer alır.

Maddi mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu ali qonaqda xoş təəssürat yaradıb.

Prezident Qurbanqulu Berdiməhəmmədov Xalça Muzeyinə türkmən xalçası hədiyyə edib. Türkmənistan Prezidentinə Azərbaycan xalçası hədiyyə olunub.