Martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib.

Baş Nazir son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlığın artdığını bildirib. Hökumətin dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxladığını və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirdiyini vurğulayan Əli Əsədov qeyd edib ki, ölkədə inkişaf dinamikası davam edir. Yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb, inflyasiya 2,8 faiz təşkil edir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar son günlər valyuta bazarında hiss olunan gərginlik və bu sahədə mövcud vəziyyətə dair məlumat verib. Bildirib ki, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. O qeyd edib ki, Mərkəzi Bankın keçirdiyi valyuta hərracların da bazarın bütün tələbatı tam şəkildə ödənilir. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın mövcud iqtisadi vəziyyəti və neftin qiymətinin azalmasının qısa və ortamüddətli dövrdə ölkə iqtisadiyyatına təsir imkanları barədə məlumat verib. Bildirib ki, strateji valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun 100 faizini ötür, xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Eyni zamanda valyuta bazarında tarazlığın və manatın sabitliyinin qorunması istiqamətində nazirliyin müvafiq strukturları Mərkəzi Bankla birlikdə çevik tədbirlər həyata keçirir.

Maliyyə naziri Samir Şərifov neftin qiymətinin aşağı düşməsinin 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinə və xərclərinə təsir imkanları barədə danışıb. Qeyd edib ki, cari ilin ilk iki ayında vergi orqanları tərəfindən proqnoz göstəricilər artıqlaması ilə icra olunub. Prezidentin tapşırığına uyğun olaraq, xərclərin optimallaşdırılması ilə bağlı da işlər davam etdirilir və dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var.

Müşavirədə bir sıra tapşırıqlar verilib. O cümlədən Mərkəzi Banka və Dövlət Neft Fonduna valyuta bazarında sabitliyin qorunması məqsədilə zəruri tədbirlər görülməsi istiqamətində işləri davam etdirmək, Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və büdcə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.