Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi və böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi Beynəlxalq Türk Akademiyasının yubiley proqramları siyahısına salınıb. Hər iki görkəmli şəxsiyyətin yubileyi təşkilat tərəfindən həm Parisdə - UNESCO-nun qərargahında, həm də türkdilli dövlətlərdə qeyd olunacaq.

Bu barədə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib.

Qazaxıstanın paytaxtı Nur-Sultanda tanınmış türk yazıçısı Ömər Seyfəddinin anım tədbirində çıxış edən D.Kıdırali bildirib ki, türk dünyası şəxsiyyətlərinin yubileylərinin beynəlxalq səviyyədə qeyd olunması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitlərinin müvafiq qərarları əsasında həyata keçirilir. Tanınmış ədib, hekayə ustası, türk milli kimliyinin formalaşmasında xidmətləri olan  Ömər Seyfəddinin vəfatının 100 illiyində anılması da bu qəbildən olan tədbirlərdəndir.

D.Kıdırali diqqətə çatdırıb ki, Azərbaycanın görkəmli yazıçı-dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin 150 və böyük bəstəkar Üzeyir Hacıbəylinin 135 illiyi may ayında UNESCO-da keçiriləcək beynəlxalq forumda, həmçinin il ərzində türkdilli dövlətlərin paytaxt şəhərlərində qeyd olunacaq. Eyni zamanda onların əsərlərinin digər türk dillərinə tərcüməsi həyata keçiriləcək.

Türkiyənin Qazaxıstandakı səfiri Ufuk Ekici Türk Akademiyasının böyük şəxsiyyətlərinin daha yaxından tanıdılması və təbliği ilə bağlı başlatdığı tədbirlərin önəm daşıdığını vurğulayıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Bakıda keçirilən Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclasında türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərinin ortaq şəkildə qeyd olunması ilə bağlı quruma üzv ölkələrin Təhsil nazirləri tərəfindən müvafiq protokol imzalanıb.