Oxucular ölkəmizin tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı nəşrlərlə tanış ola bilərlər

ABŞ-ın Konqres Kitabxanasına Azərbaycan kitabları hədiyyə edilib. Nəşrlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən hədiyyə olunub.

Təqdimat mərasimi ölkəmizin ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Konqresin Tomas Cefferson adına kitabxanasında, tarixi Şimal-Şərq pavilyonunda keçirilib.

Kitabxananın Yaxın Şərq bölməsinin rəhbəri Coan Viks çıxış edərək tədbirin əhəmiyyətini diqqətə çatdırıb. O, hədiyyə edilmiş kitabların Konqres Kitabxanasının Yaxın Şərq bölməsindəki Azərbaycana aid olan kolleksiyasına mühüm töhfə olacağını deyib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov kitabxana rəsmilərinə təşəkkürünü bildirərək onların gördüyü işin insanların inkişafı üçün çox vacib olduğunu vurğulayıb. Tədbirin təşkilində göstərdikləri dəstək üçün C.Viksə və kitabxanada çalışan həmyerlimiz Müjgan Nəzərovaya xüsusi minnətdarlığını ifadə edən səfir ABŞ Konqres Kitabxanasında 6 mindən çox Azərbaycan dilində kitabın olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası da daxil olmaqla artıq ölkəmizin 10 kitabxanası ABŞ-ın Konqres Kitabxanası ilə mübadilə tərəfdaşlığı edir.

Ümummilli lider Heydər Əliyevin “Kitabxanaya hörmət xalqın mədəniyyətini nümayiş etdirən amillərdən biridir” sözlərinə istinad edən diplomat ölkəmizdə hər zaman kitabxana işinə böyük diqqət ayrıldığını bildirib.

Təqdimat mərasimində hədiyyə olunan 50 kitabın içərisində fərqli mövzuları əhatə edən nəşrlər barədə məlumat verilib. Qeyd olunub ki, Konqres Kitabxanasının oxucuları Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi və coğrafiyasına aid olan kitablarla tanış ola bilərlər. Səfir 2017-ci ilin mart ayında Konqres Kitabxanasında Fəridə Buyuranın “Nar və zəfəran” adlı kitabının təqdimatının keçirilməsini xatırladaraq əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib.

Sonda səfirə kitabxana adından rəsmi təşəkkür məktubu və ümumi mübadilə tərəfdaşlığı barədə sazişin surəti təqdim edilib.