Prezident İlham Əliyev martın 13-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda diqqətə çatdırılır ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) İcraiyyə Şurasının 2020-ci il 29-30 yanvar tarixində Əbu-Dabi şəhərində keçirilmiş 40-cı sessiyasında təşkilatın adı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO) olaraq dəyişdirilib.

Bununla əlaqədar İCESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi təsdiq edilib.

Komissiyanın sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komissiyanın üzvləri aşağıdakı tərkibdədir: Xarici İşlər, Təhsil, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlərinin müavinləri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sədrlərinin müavinləri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru və İCESCO İcraiyyə Şurasının üzvü, Milli Komissiyanın baş katibi.