Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 13-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Siyəzən rayonunda, nazirin birinci müavini Vaqif Əliyev Quba rayonunda, nazir müavini Rafiq Bayramov isə Xaçmazda vətəndaşlarla görüşüb.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayevin Siyəzəndəki Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda Siyəzən və Şabran rayonları sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər Siyəzən şəhərində YARAT Müasir İncəsənət Məkanının səyyar sərgisinin təşkilinə köməklik göstərilməsi, Xalq teatrı tamaşalarının bölgələrdə nümayişi və aktyorların səhnə geyimləri ilə təmin olunması, Pirəbədil kəndində (Şabran rayonu) xalça festivalının keçirilməsi, Siyəzən rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Şabran Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi və muzey əməkdaşlarının bölgədə aparılan arxeoloji qazıntılara cəlb edilməsi ilə bağlı olub.

Qəbulda həmçinin Siyəzən şəhər Uşaq incəsənət məktəbinin 30 illik yubileyinin qeyd edilməsi və məktəbə musiqi alətlərinin verilməsi, Şabran şəhərində Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı nazirə müraciətlər edilib.

***

Nazirin birinci müavini Vaqif Əliyev Qubadakı Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonları sakinlərini qəbul edib. Görüşdə Qusar Rayon Dövlət Rəsm Qalereyasının nəzdində sənətkarlıq məhsullarının satışı köşkünün qurulması, “Könüllülər teatrı” üçün səhnə geyimlərinin verilməsi, Qusar rayon Mərkəzi Kitabxanasının 90 illiyinin keçirilməsi, Qubada Etnoqrafiya muzeyinin yaradılması, Amsarqışlaq kəndində kitabxananın bərpa edilməsi, Amsar kənd kitabxanasına tarixçi, şair Abbasqulu ağa Bakıxanovun adının verilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Vətəndaşlar tərəfindən Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasının yenidən qurulması, Qusar rayon Əniq kənd məscidinin bərpası, Quba şəhər Uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi, işlə təmin olunma və digər məsələlərlə də bağlı müraciətlər olub.

***

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun Xaçmaz sakinləri ilə görüşü Tarix-Diyarşünaslıq Muzeyində keçirilib. Qəbulda rayon Xalq teatrına səhnə geyimlərinin və rekvizitlərin verilməsi, kitabxana menecmenti və marketinqi üzrə treninqlərin təşkili, işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə klub müəssisələrində profillər üzrə treninqlərin keçirilməsi, kənd kitabxana filiallarının telefon və internetlə təminatının yaxşılaşdırılması, “Könüllülər mərkəzi”nin yaradılması, Xaçmazın tarixi məkanlarına mədəni marşrutların təşkili ilə bağlı müraciətlər edilib.

Bundan əlavə, sakinlər tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyətinin regionda görüşlərinin keçirilməsi, Tarix-Diyarşünaslıq Muzeyində səyyar tarix dərslərinin təşkili, rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinə rus dilində ədəbiyyatın verilməsi ilə bağlı təkliflər də səsləndirilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.