Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının “Bizi birləşdirən mədəniyyət” adlı birgə layihəsinə start verilib. Layihə çərçivəsində televiziya ilə musiqi dərsləri, kukla tamaşaları, həmçinin konsert proqramları və mono-tamaşa nümayişi nəzərdə tutulur.

Televiziya ilə musiqi dərsləri həftə içi 5 gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə edəcək.

Həftə içi 6 gün “Mədəniyyət” kanalının efirində Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları uşaqlar üçün nağıl tamaşaları təqdim edəcəklər.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində kiçik musiqi qruplarının (vokal, fortepiano, skripka və s.) çıxışları lentə alınaraq televiziya ilə nümayiş olunacaq.

Layihə çərçivəsində həmçinin Beynəlxalq Muğam Mərkəzində həftə içi 5 gün olmaqla üç musiqiçinin iştirakı ilə xalq mahnıları, instrumental milli rəqs havalarının ifaları televiziya tərəfindən çəkilərək sənətsevərlərə təqdim ediləcək. Eyni zamanda, Beynəlxalq Muğam Mərkəzində həftə içi 2 gün bir aktyorun iştirakı ilə müxtəlif tamaşalardan parçalar lentə alınaraq televiziya ilə göstəriləcək.

***

Martın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Mədəniyyət Nazirliyi və “Mədəniyyət”  kanalının“Bizi birləşdirən mədəniyyət”  layihəsi çərçivəsində musiqi dərslərinin çəkilişləri başlayıb.

İlk mərhələdə məktəbin direktoru, Əməkdar artist Əziz  Qarayusifli (klarnet), məktəbin fortepiano şöbəsinin müdiri Mənsurə Quliyeva, xalq çalğı alətləri şöbəsinin müdiri Şahnaz Muradova (kamança), aparıcı müəllim Təranə Babayeva (kamança), xoreoqraflar Emil Pənahov, Səbinə İsmayılova, musiqişünas Leyla Həsənovanın (musiqi ədəbiyyatı) dərsləri lentə alınıb.

Musiqi dərsləri aprel ayının 2-dən başlayaraq “Mədəniyyət” kanalının efirində təqdim ediləcək.

Layihə üzrə nümayiş olunacaq digər proqramların efir vaxtı barədə də əlavə məlumat veriləcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının əməkdaşlığı əsasında, həmçinin mədəniyyətimizin digər istiqamətləri – kino sənətimiz, təsviri sənət, muzeylər, kitabxanalar, tarixi abidələrimiz, xalq yaradıcılığı, yaradıcı mədəni sənaye və s. sahələrlə bağlı birgə layihələr də hazırlanmaqdadır.

Televiziya ilə musiqi dərslərinin keçirilməsi koronavirus infeksiyası ilə bağlı ölkəmizdə tətbiq edilən karantin dövründə tədris prosesi üçün vacib bir addımdır.

Əziz həmvətənlər, bu günlər hər birimizin, yaxınlarımızın və bütövlükdə xalqımızın sağlığı naminə tətbiq olunan zəruri sosial izolyasiya qaydalarına hamılıqla riayət etməklə bərabər, mədəniyyət və incəsənətimizdən də uzaq düşməyək. Xalqımızın ruh qaynağı olan zəngin mədəni irsimiz hər zaman bizimlədir.